Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıtda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Paralimpiya İdman Kompleksinin açılış mərasimində iştirak edib
AzərTAc xəbər verir ki, avqustun 28-də Sumqayıtda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Paralimpiya İdman Kompleksinin açılış mərasimi olmuşdur.
Mərasimə toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı səmimiyyətlə qarşıladılar.
Milli geyimli qız dövlətimizin başçısının xanımına gül dəstəsi təqdim etdi.
Prezidentə məlumat verildi ki, kompleksin tikintisi barədə qərar ümummilli lider Heydər Əliyevin paralimpiyaçılarla görüşündən sonra qəbul edilmişdi. MDB məkanında yeganə olan bu kompleksdə respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi, təlim-məşq toplanışlarının təşkili nəzərdə tutulmuşdur. Tikintisinə 2005-ci ildə başlanmış və 2,25 hektar sahəni əhatə edən kompleksin smeta dəyəri 3,1 milyon manatdır.
Kompleksə müasir avadanlıqla təchiz olunmuş 130 nəfərlik akt salonu, trenajor, əl oyunları, böyük və kiçik atıcılıq zalları, açıq futbol və voleybol meydançaları, qapalı üzgüçülük hovuzu daxildir. Burada əlillərin sərbəst hərəkəti üçün lazımi şərait yaradılmış, müasir tipli liftlər quraşdırılmışdır.
Ərazidə abadlıq işləri aparılmış, yaşıllıq salınmış, ağac və gül kolları əkilmişdir.
Prezident İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.
Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif vaxtlarda idmançılarla görüşlərini əks etdirən fotoşəkillərdən ibarət guşə yaradılmışdır.
Dövlətimizin başçısı kompleksin qapalı hovuzuna baxdı. Uzunluğu 25, eni 10 metr olan hovuzda avtomatik təmizləmə, dezinfeksiya və qızdırıcı qurğular quraşdırılmışdır.
Prezident İlham Əliyev əsas idman salonuna da baxdı. Cüdo, güləş və əl oyunlarının keçirilməsi üçün nəzərdə tutulan salonda quraşdırılmış xüsusi havalandırma sistemi havanın daim təmiz və normada saxlanılmasına imkan verir. 32 metr uzunluğu, 24 metr eni olan salonda 210 tamaşaçı yarışları izləyə biləcəkdir.
Dövlətimizin başçısı kompleksin atıcılıq tirləri ilə də tanış oldu. 25x12 metr və 10x12 metr ölçülü atıcılıq tirlərində beynəlxalq yarışlara hazırlaşan idmançıların məşq keçməsi üçün bütün şərait yaradılmışdır. Tirlərin hər birində eyni vaxtda 8 atıcı məşq edə biləcəkdir.
Prezident İlham Əliyev kompleksin akt salonunda Pekində keçiriləcək XIII Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək idmançılar və onların məşqçiləri ilə görüşdü. Dünyanın 145 ölkəsindən 4000 idmançının mübarizə aparacağı Pekin Paralimpiya Oyunlarında Azərbaycanı 4 idman növündə 18 nəfər təmsil edəcəkdir.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Xəbər 1044 dəfə oxundu.