Əjdər Cəfərov: “Məqsədimiz himnimizin dəfələrlə səslənməsidir”
“Avqustun 21-27-də Bakıda keçiriləcək dünya birinciliyinə hazırlıq çox yüksək səviyyədə keçib. Yarışın olimpiadadan cəmi 10 gün sonra olmasına baxmayaraq, işimizdə heç bir çətinlik olmayıb. Turnirin təşkilinin möhtəşəm olacağına tam əminəm. Bunu təcrübəmə əsaslanıb deyirəm. 1996-99-cu illərdə Azərbaycan vətəndaşı kimi belə tədbirləri canlı izləmişəm. Amma sizə deyim ki, dünya birinciliyinin böyük arenada keçirilməsi ilk belə haldır”. İdman.com.az saytının məlumatına görə, bunu yeniyetmələr arasında Bakıda təşkil ediləcək dünya birinciliyinə hazırlıqla bağlı keçirdiyi mətbuat konfransında Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov deyib.

Qurum rəsmisi sabah start götürəcək yarış üçün bütün təşkilatı məsələlərin həll olunduğunu bildirib: “Dünya birinciliyini bizə ötən il Türkiyədə böyüklər arasında keçirilən mundialda həvalə ediblər. FİLA-nın belə bir qərar qəbul etməsində təcrübəmiz əsas götürülüb. Sərbəst, yunan-Roma, qadın və çimərlik güləşi üzrə olacaq birincilikdə Azərbaycan tam heyətlə çıxış edəcək. Yarış Heydər Əliyev adına Heydər Əliyev Kompleksdə keçiriləcək və giriş sərbəstdir”.

Dünya birinciliyinə 41 ölkə qatılacağını deyən Cəfərov olimpiadadan sonra ilk turnirdə hədəflərini də açıqlayıb: “Məqsədimiz himnimizin dəfələrlə səslənməsidir. Ümid edirəm ki, medal dəstlərimiz olacaq. Yeniyetmələrdən ibarət yığmalarımız azərbaycanlı uşaqlardan qurulub və onlardan böyük uğurlar gözləyirik. Həm də bu heyət Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına hesablanıb”.

Baş katib çimərlik güləşində də uğur qazanacağımızı deyib. Onun sözlərinə görə, bu növ üzrə komandamızda kifayət qədər güclü pəhləvanlar yer alıb: “Çimərlik güləşi avqustun 27-də keçiriləcək. Burada iştirak hər ölkənin öz istəyi ilədir, məcburi deyil. Milli güləş qaydalarına uyğun keçirilir və çox maraqlıdır. Biz də bu istiqamətdə işlərimizi qurmuşuq. Artıq komandamız Batumidə yarışda iştirak edib və uğur qazanıb”.

12 illik fasilədən sonra keçiriləcək dünya birinciliyinin yenidən bərpa olunmasında əsas məqsəd Yeniyetmələrin Yay Olimpiya Oyunlarıdır. Cəfərov bildirib ki, sonuncu dəfə 12 il öncə təşkil edilən çempionat FİLA-nın yarışlarının çox olması və iştirakçı ölkələrin sayının azlığı səbəbindən dayandırılmışdı.

Olimpiya dərəcəli hakim sabah start götürəcək birincilikdə Azərbaycanın 5 referi ilə təmsil olunacağını da deyib: “Mən yarışda hakim funksiyasını yerinə yetirməyəcək. Bu təşkilatı işlərə diqqət ayırmağımla bağlıdır. Amma 5 həmyerlimiz mundialda görüş idarə edəcək ki, onlardan da biri kateqoriyasını artırmağa çalışacaq. Çünki bu çempionat həm də referilərinin kateqoriyasını yaxşılaşdırmasına hesablanıb”.


Xəbər 1320 dəfə oxundu.