Azərbaycan idmançısı dünya çempionatının yarımfinalına yüksəlib

Bolqarıstanın Plovdiv şəhərində yeniyetmələr və böyüklər arasında davam edən akademik avarçəkmə üzrə dünya çempionatında Azərbaycanın yeganə təmsilçisi Boris Yotov yarımfinala yüksəlib. 16 yaşlı avarçəkənimiz yeniyetmələr arasında 1 nəfərlik qayıqla (JM1X) 2000 metr məsafəyə seçmə və ¼ final yürüşlərini uğurla keçib.

Seçmə yürüşdə finişə 7 dəqiqə 5,56 saniyəyə çatan Yotov yalnız sloveniyalı Yerney Markoviçdən (7:05.56) geri qalıb. Əvəzində idmançımız CAR təmsilçisi Ceyms Conston (7:09.29), moldovalı Vladimir Malov (7:23.49) və paraqvaylı Xose Servin Diarteni (7:35.49) geridə qoyub.

¼ finalda isə Yotov finişə hamıdan tez – 7 dəqiqə 8,77 saniyəyə çatıb. O, almaniyalı Morits Moos (7:11.13), belaruslu Pilip Pavukov (7:12.37), irlandiyalı Pol O Donovan (7:12.46), avstriyalı Mario Santer (7:27.00) və danimarkalı Nik Larseni (7:34.99) üstələyib.

Avqustun 18-də keçiriləcək yarımfinal yürüşündə avarçəkənimizin rəqibləri Martin Helset (Norveç), Qanqqanq Li (Çin), Mixal Ploçek (Çexiya), Ceyms Conston (CAR) və Pilip Pavukov (Belarus) olacaq. Yürüşə Bakı vaxtı ilə saat 12:59-da start veriləcək. İlk 3 yeri tutanlar əsas finala yüksələcəklər.

Qeyd edək ki, yeniyetmələr arasında 1 nəfərlik qayıqla (JM1X) mübarizəyə 30 avarçəkən qatılıb.

Xəbər 1937 dəfə oxundu.