General Həzi Aslanovun xatirə turnirinə start verildi
Aprelin 9-da Şağan Olimpiya İdman Kompleksində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə 34-cü beynəlxalq Bakı turnirinin açılış mərasimi keçirilib.
Mərasimdən öncə yarışın fəxri qonaqları və idman ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını, daha sonra İki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor H.Aslanovun məzarını ziyarət ediblər.
Şağan Olimpiya İdman Kompleksində keçirilən mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Nəbi Şükürlü və məşhur generalın nəvəsi, polis general-mayoru Həzi Aslanov idmançılara uğurlar arzulayıblar. Natiqlər dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin ölkəmizdə idmanın, o cümlədən cüdonun inkişafına göstərdiyi qayğını xüsusi vurğulayıblar. Qeyd ediblər ki, son illər müntəzəm olaraq beynəlxalq turnirlərin keçirilməsi Azərbaycanı dünyada idman ölkəsi kimi tanıdıb. Bu turnir ölkəmizdə cüdonun inkişafı istiqamətində mühüm mərhələdir.
Üç gün davam edəcək turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan və İrandan 200-dən çox cüdoçu iştirak edir.

(Fotolar AzərTAc-dan götürülüb)

Xəbər 1212 dəfə oxundu.