Böyükağa Hacıyev: “Rəqibimiz təcrübəli futbolçulardan qurulub” - MÜSAHİBƏ
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev klubun rəsmi saytına müsahibə verib. İdman.com.az saytının məlumatına görə, 54 yaşlı mütəxəssis səhhəti və komandanın avrokuboklardakı çıxışı haqda danışıb.

- Hazırda özünüzü necə hiss edirsiniz?
- Şükür Allaha, yaxşıyam. Moskvada əməliyyat olunduqdan sonra səhhətimdə müsbətə doğru böyük dəyişiklik baş verdi. İndi palata şəraitində müalicə olunuram. Həkimlər bərpa prosesini uğurla keçdiyimi deyirlər. Yəqin bu həftənin sonuna kimi evə buraxılacam və komandanın yanında olacam.

- Avrokubok oyunlarında komandanın yanında ola bilmədiniz. "Neftçi"nin göstərdiyi oyun sizi qane etdimi?
- "Zestafoni" ilə qarşılaşmada komandamız yaxşı təsir bağışlamışdı. Bu rəqibə qarşı Avstriyada olarkən hazırlaşmışdıq. Orada Gürcüstan komandasının oyununu da canlı izləmişdik və qeydlərimizi aparmışdıq. "Hapoel"lə qarşılaşmada isə ilk 35 dəqiqədə istədiyimiz futbolu oynadıq. Bundan sonra müdafiədə kobud səhvlərə yol verdik və rəqib də bundan yararlandı. Cavab oyununda isə bu məğlubiyyətin əvəzini çıxmaq çox çətin idi.

- Komandamız Avroliqa turnirinin pley-off mərhələsində Kiprin APOEL klubu ilə üz-üzə gələcək. Bu rəqib haqqında nə deyə bilərsiniz?
- Rəqibimiz təcrübəli futbolçulardan qurulub. Ötən mövsüm Çempionlar Liqasında 1/4 final mərhələsinə qədər irəlilədilər və "Real" kimi güclü kluba məğlub olaraq mübarizəni dayandırdılar. APOEL-in oyunlarının videoyazısını izləyirəm və bu barədə məşqçilərlə söhbətimiz olub. Həkimlər icazə vermirlər deyə bu qarşılaşmalarda komandanın yanında ola bilməyəcəm, amma ürəyim onlarla birgədir.

- Kipr klubuna qarşı ilk matçımızı evdə keçirəcəyik. Azarkeş dəstəyi "Neftçi"nin uğurunda böyük rol oynaya bilər.
- İnanıram ki, azarkeşlər APOEL ilə qarşılaşmada komandamızı tək qoymayacaq. "Zestafoni" ilə görüşdə futbolsevərlər arenanı doldurmuşdu. İnanıram ki, bu dəfə də belə olacaq. Bütün azarkeşləri stadiona dəvət edirəm. Qoy gəlsinlər və dəstək olsunlar. Rəqibin kimliyindən asılı olmayaraq "Neftçi" meydana qələbə üçün çıxacaq.

Xəbər 1083 dəfə oxundu.