Prezident İlham Əliyev Tofiq Bəhramov adına Respublika Stadionunun açılışında iştirak edib
Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinə məlumat verdi ki, stadionun 85 min 700 kvadratmetr ərazisində əsaslı təmir və yenidənqurma işləri Koreya Respublikasının “Samhwa Telecom” şirkəti tərəfindən həyata keçirilib. Oturacaqlarının sayı 29 min 870-dən 31 min 200-ə çatdırılmış stadionun ot örtüklü futbol meydançası FİFA standartlarına tam uyğun şəkildə yenidən qurulub. Meydançanın ot örtüyünün alt hissəsində torpaqbərkitmə işləri yerinə yetirilib, drenaj sistemi və Almaniya istehsalı olan xüsusi isitmə sistemi quraşdırılıb.
Stadionun ot örtüyünün yenidən qurulması Niderlanddan gətirilmiş xüsusi toxum vasitəsilə həyata keçirilib. Meydançanın ətrafındakı qaçış zolağı da Almaniyadan gətirilmiş xüsusi örtüklə yenidən qurulub.
Oyunlar zamanı meydançanın işıqlandırılması üçün köhnə projektor dirəkləri sökülüb, yeni müasir işıqlandırma sistemi quraşdırılıb.
Diqqətə çatdırıldı ki, stadionda tribunaların üstünün bağlanması üçün Koreya Respublikasından gətirilmiş xüsusi fəza konstruksiyası quraşdırılıb və 30 min kvadratmetr ölçüdə yanğına və digər təsirlərə davamlı xüsusi membran örtüklə tam örtülüb.
Bildirildi ki, tribunada hər biri 10 nəfərlik 16 “ailə baxış otağı” da inşa edilib. Üst hissəsində böyük monitorun quraşdırıldığı tribunada mətbuat nümayəndələri üçün lazımi avadanlıqla təchiz edilmiş 500 nəfərlik xüsusi oturacaqlar qurulub.
Qeyd edildi ki, tribunanın alt hissəsində dörd komandanın istifadəsi üçün soyunub-geyinmə otaqları, sanitar qovşaqlar, duş otaqları, konfrans zalı, məşqçilər, hakimlər üçün otaqlar, həkim otağı, dopinq nəzarət otağı və digər köməkçi otaqlar yaradılıb. Burada, eyni zamanda, mərkəzi idarəetmə və təhlükəsizliyə nəzarət-müşahidə otağı və şərhçi otaqları inşa edilib. Bütün otaqlar müasir yanğın təhlükəsizliyi və mərkəzi havalandırma sistemləri ilə təchiz olunub. Əlillərin tribunaya qalxmaları üçün xüsusi lift quraşdırılıb.
Məlumat verildi ki, stadionun VİP binası və tribunası da əsaslı surətdə yenidən qurulub. Burada, həmçinin Türkiyə istehsalı olan mebellərlə təchiz edilmiş 205 nəfərlik restoran yaradılıb.
Bildirildi ki, stadionda əlavə olaraq məşqlərin keçirilməsi üçün nəzərdə tutulan mövcud futbol meydançası yenidən qurulub, soyunub-geyinmə otaqları, sanitar qovşaqları, duş kabinələri olan bina inşa edilib.
Diqqətə çatdırıldı ki, stadionda ot örtüyünün isitmə sistemini istiliklə təmin etmək üçün qazanxana inşa edilib. Giriş hissədə eyni vaxta 50 nəfərin keçə biləcəyi turniket keçid sistemi quraşdırılıb. Stadionun fasadında uzunluğu 30 metr olan elektron monitor quraşdırılıb. Burada quraşdırılmış 44 işıqlandırma dirəyinə təhlükəsizlik nəzarət kameraları və səsgücləndirici dinamiklər birləşdirilib. Stadionun daxili və xarici elektrik, su-kanalizasiya, rabitə, internet şəbəkəsi və qaz xətləri tamamilə yenidən qurulub.
Ərazidə 2 min kvadratmetr sahədə yaşıllaşdırma işləri görülüb.
Prezident İlham Əliyev stadionda görülüb işlərdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.

Xəbər 3964 dəfə oxundu.