Avropa Ədalətli Oyunlar Hərəkatının XV konqresinin iştirakçılarına!
Hörmətli konqres iştirakçıları!
Sizi - Avropa Ədalətli Oyunlar Hərəkatının XV konqresinin iştirakçılarını səmimi qəlbdən salamlayır, hər birinizə uğurlar və cansağlığı arzulayıram.
Yarandığı vaxtdan etibarən öz prinsiplərinə sadiq qalaraq idmanda ədalətsizliyə, zorakılığa, dini və irqi ayrı-seçkiliyə, yarış qaydalarının pozulması hallarına qarşı mübarizə aparan Hərəkatınızın nəcib məqsədləri Azərbaycanda layiqincə qiymətləndirilir. Gənc nəslin ahəngdar inkişafı, idmanda ədalətli mübarizə ruhunun, yüksək mədəni davranış qaydalarının aşılanması və ədalətin hər zaman qorunması məsələlərinin həlli istiqamətində ardıcıl həyata keçirdiyiniz tədbirləri bütün idmançılarımız təqdirəlayiq hesab edirlər. İnanıram ki, hazırda 40-dan artıq ölkənin daxil olduğu Hərəkat özünün fəaliyyət dairəsini ildən-ilə genişləndirəcəkdir.
Konqresiniz mədəniyyətlərarası dialoq, sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma, ədalət və tolerantlığın bərqərar olması ilə bağlı dövrümüzün aktual problemlərinə həsr edilmişdir. Əminəm ki, bu istiqamətdə ətraflı müzakirələr aparacaqsınız və qəbul etdiyiniz qərarlar qarşılıqlı işgüzar əlaqələrin inkişafına təkan verəcək, beynəlxalq idman təşkilatlarını Avropa Ədalətli Oyunlar Hərəkatı ətrafında daha sıx birləşdirəcəkdir.
Ümidvaram ki, konqresinizin Bakıda təşkili, möhtəşəm idman tədbirlərinin keçirilməsində böyük təcrübəyə malik paytaxtımızla tanışlıq və Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında uğurla çıxış edən idmançılarımızla görüşləriniz sizdə xoş təəssürat yaradacaqdır.
Dərin hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 oktyabr 2009-cu il.

Xəbər 2749 dəfə oxundu.