Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 15-də Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinovu qəbul edib.
Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov 1993-cü ildə Azərbaycana ilk səfərini və xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşünü məmnunluqla xatırladı. O, ötən dövr ərzində respublikamızda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu dedi. Beynəlxalq Şahmat Federasiyası ilə ölkəmizin müvafiq qurumları arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayan Kirsan İlümjinov rəhbərlik etdiyi təşkilata daxil olan 177 ölkədən ilk dəfə olaraq Azərbaycanda şahmat idman növünün inkişaf etdirilməsi ilə bağlı xüsusi Dövlət Proqramının qəbul olunmasının və bu proqramın uğurla həyata keçirilməsinin önəmini qeyd etdi. Kirsan İlümjinov Dünya Şahmat Olimpiadasının 2016-cı ildə Bakıda keçirilməsi ilə bağlı Beynəlxalq Şahmat Federasiyasının təkliflərini diqqətə çatdırdı.
Azərbaycanlı şahmatçıların müxtəlif beynəlxalq yarışlarda əldə etdikləri nəticələrin razılıq doğurduğunu vurğulayan Prezident İlham Əliyev ölkəmizdə idmanın bütün növlərinin, o cümlədən şahmatın inkişaf etdirilməsi ilə bağlı məqsədyönlü tədbirlərin ardıcıl olaraq həyata keçirildiyini qeyd etdi. Dövlətimizin başçısı Dünya Şahmat Olimpiadasının 2016-cı ildə Bakıda keçirilməsi ilə bağlı təklifləri yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyası ilə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə etdi.

Xəbər 2863 dəfə oxundu.