Azərbaycan olimpiyaçıları böyük təntənə ilə qarşılandılar
Böyük Britaniyanın paytaxtı Londonda XXX Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan idmançıları Vətənə qayıdıblar.

Londonda Azərbaycanın idman tarixinə yeni parlaq səhifələr yazmış olimpiyaçıları Heydər Əliyev adına Beynəlxalq hava limanında onların ailə üzvləri, idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri böyük təntənə ilə, gül-çiçəklə, musiqi sədaları altında qarşılayıblar.

Olimpiyaçılarımız onlar üçün ayrılan xüsusi avtobusla, hava limanından birbaşa, Heydər Əliyev Sarayının qarşısına yollanaraq, burada ulu öndərin abidəsini ziyarət ediblər. Burada Olimpiya çempionlarımız Toğrul Əsgərovla Şərif Şərifov abidə önünə əklili qoyaraq, mərhum prezidentə ehtiramlarını bildiriblər. Ardından nümayəndə heyətimiz və digər medal qazanan idmançılarımız abidə önünə gül dəstələri düzüblər.

Qeyd edək ki, XXX London Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 10 medal qazanıblar. Sərbəst güləşçilər Toğrul Əsgərov (60 kq) və Şərif Şərifov (84 kq) qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yunan-Roma güləşçiləri Rövşən Bayramov (55 kq), qadın güləşçi Mariya Stadnik (48 kq) gümüş, yunan-Roma güləşçisi Emin Əhmədov (74 kq), sərbəst güləşçi Xetaq Qazyumov (96 kq), qadın güləşçi Yuliya Ratkeviç (55 kq), boksçular Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) və ağır atlet Valentin Xristov (56 kq) bürünc medallar qazanıblar. Azərbaycanın olimpiya yığması bu göstərici ilə 205 ölkə arasında 30-cu olub.

Xəbər 1133 dəfə oxundu.