Azərbaycan milli komandası tarixində 2-ci dəfə Bəhreyn yığması ilə görüşəcək.
Azərbaycan milli komandası tarixində 2-ci dəfə Bəhreyn yığması ilə görüşəcək. Millimiz bu rəqiblə yeganə matçını 2008-ci ilin oktyabrın 15-də səfərdə – paytaxt Manamadakı “Muharaq” stadionunda keçirib. Səudiyyə Ərəbistanından olan Mamdoun Əl Mardasın idarə etdiyi, yerli hakimlərin köməkçisi olduğu yoldaşlıq görüşü bizim üçün uğurlu alınıb. Belə ki, millimiz Bəhreyndə 2:1 hesablı əzmkar qələbəyə sevinib. Özü də bu, Foqtsun 2008-ci ilin aprelindən rəhbərlik etdiyi millimizdə ilk qələbəsi kimi tarixə düşüb. Buna 6-cı oyununda nail olan təcrübəli almaniyalı mütəxəssis üçün Bəhreyn yığmasının düşərli rəqib olduğu görünür. Ancaq bu, qələbə heç də asan əldə olunmayıb. Belə ki, Rəşid Camal-Salem oyunun 33-cü dəqiqəsində topu Kamran Ağayevin qoruduğu qapıdan keçirəndən sonra yığmamız daha bir zərbə alıb. Müdafiəçimiz Rail Məlikov 44-cü dəqiqədə qırmızı vərəqə alaraq, meydandan çıxarılıb. Ancaq bizimkilər bundan dərhal sonra, yəni artıq fasiləyə kimi hesabı bərabərləşdirə bilib. Zeynal Zeynalov 45+2-ci dəqiqədə tarazlığı bərpa edib. 65-ci dəqiqədə isə digər yarımmüdafiəçimiz Elvin Məmmədov bəhreynlilərin qapısına yol tapıb. Bu, qələbə topu olub ki, nəticədə almaniyalı çalışdırıcını millimizdə ilk sevindirən bu rəqib olub. İlk oyunda qolları vuran hər 3 futbolçu bu dəfə çağırılmadığından, sabahkı matçın iştirakçısı olmayacaqlar. Millimizdə 4 il əvvəlki oyunda iştirak edənlərdən yenə dəvət alanlar qapıçı Kamran Ağayev, müdafiəçi Rəşad Sadıqov, yarımmüdafiəçi Aleksandr Çertoqanovla Cavid Hüseynov, hücumçu Vaqif Cavadovdur. Bəhreyn yığmasının heyətində yenə olanlardan isə Mahmud Əbdürrəhman Məhəmməd, Salman İsa Qulum Əli, Abdulla İsmayıl Ömər Yusif, Sami Məhəmməd Səid əl-Hüseynin adlarını çəkmək olar. Foqts postunda qalıbsa, rəqibdə baş məşqçi vəzifəsində əcnəbilərin dəyişikliyi olub. Belə ki, çexiyalı Milan Maçalanı ingiltərəli həmkarı Piter Teylor əvəzləyib. Qeyd edək ki, Foqts millimizdə 47 oyunda 10 qələbə qazanıb.

Xəbər 958 dəfə oxundu.