“Xəzər Lənkəran”ın transfer etmək istədiyi daha bir futbolçu müəyyənləşib
Transfer çalışmalarında bəxti gətirməyən “Xəzər Lənkəran”ın transfer etmək istədiyi daha bir futbolçu müəyyənləşib. Braziliyalı hücumçu Betodu.
Lənkəran klubu 30 yaşlı futbolçuya birbaşa müqavilə təklif edib. Onun yaxın günlərdə ölkəmizə gələrək müqavilə imzalaması gözlənilir.
Qeyd edək ki, tam adı Andre Roberto Suares da Silva olan futbolçu 25 oktyabr 1981-ci ildə Braziliyanın Santa Katarina ştatının San Karlos şəhərində dünyaya gəlib. 1999-2006-cı illərdə Braziliyanın “Ulbra”, “Krikiuma” və Argentinanın “Ferro Karril Oeste” klublarında çıxış edən futbolçu 2007-ci ildə Avropaya üz tutaraq 1 il Polşa “Liteks”ində forma geyinib (39 oyun, 18 qol). 2008-ci ildə Türkiyəyə gələn Beto indiyədək qardaş ölkədə çıxış edib. Bu müddətdə o, “Qaziantepspor” (2008-2011, 76 oyun, 24 qol), “Bucaspor” (2011, icarə, 9 oyun) və “Mersin İdman Yurdu”nun (2011-2012, 18 oyun, 4 qol) formasını geyinib.
Maraqlıdı ki, Türkiyə mediası ötən ayın 10-da Betonun 1-ci liqa klublarından olan “Karşıyaka” ilə anlaşdığı barədə məlumat yayıb. Məlumatda bildirilir ki, “Mersin İdman Yurdu”nu tərk edən futbolçu yeni klubuna azad agent kimi gəlib və 300 min dollarlıq müqaviləyə qol çəkəcək. Lakin keçid məlum olmayan səbəblərdən baş tutmayıb.

Xəbər 943 dəfə oxundu.