Bojidar Bandoviçin debütü ilə əlamətdar olub
Premyer Liqanın II turu “Bakı”nın baş məşqçisi Bojidar Bandoviçin debütü ilə əlamətdar olub. “Simurq”la ev oyununda debüt oyununa çıxan paytaxt təmsilçisinin çalışdırıcısına qədər 37 legioner mütəxəssis Azərbaycan çempionatında meydana komanda çıxarmışdı.
Onların bəziləri baş məşqçi, bəziləri isə istefaya göndərilən çalışdırıcını əvəzləyicisi kimi iş başında olub. Bandoviç bu siyahıya 38-ci məşqçi kimi düşüb.
Bandoviçə qədər 2 klub daha çox – hərəyə 5 əcnəbi baş məşqçiyə güvənmişdi. “Bakı”nın tarixində 6-cı əcnəbi olan Bandoviç komandasının bu göstəricidə rekordçu olmasına töhfə verdi. Paytaxtın eyniadlı təmsilçisində makedoniyalı Qyoko Hacievski, türkiyəlilər – Bülent Korkmaz və Cüneyt Biçer, almaniyalı Vinfred Şafer, latviyalı Aleksandr Starkov çalışıb.
Digər klublar isə əcnəbi məşqçi sayında “Bakı”dan geri qalır: “Bakı” – 6, “Xəzər Lənkəran” – 5, “İnter”, “Simurq” – hərəsi 4, “Gənclərbirliyi” , “Neftçi”, “Standard”, “Turan” – hərəsi 3, “Muğan”, AZAL, “Qəbələ” – hərəsi 2, “Karvan”, “Masallı”, “MKT-Araz”, “Qarabağ”, “Sumqayıt” – hərəsi 1.
Qeyd edək ki, 4 mütəxəssis – Kaxaber Tsxadadze, Cüneyt Biçer, Rasim Kara, Qyoko Hacievski Premyer Liqada 2 klubda çalışıb.

Xəbər 963 dəfə oxundu.