Nigeriya millisi Azərbaycanda keçiriləcək dünya çempionatının hazırlıqlarına start verib
17 yaşadək qızlardan ibarət Nigeriya millisi Azərbaycanda keçiriləcək dünya çempionatının hazırlıqlarına start verib. Avqustun 10-da 35 futbolçu ilə toplanışa yığışan Afrika təmsilçisi artıq 5 oyunçudan imtina edib. 30 nəfərlik heyət isə yerli klublarla yoxlama oyunlarında qüvvəsini sınamaqla mundiala daha yaxşı hazırlaşmaq niyyətindədir.

Millinin mətbuat katibi Qloriya Akujobi isə iddialı açıqlaması ilə diqqət çəkib: “Azərbaycana nə vaxt yollanacağımız hələ dəqiqləşməyib. Lakin bir şeyi dəqiq deyə bilərəm ki, 2 il əvvəl Trinidad və Tobaqodakı kimi çıxış etməyəcəyik. Bu dəfə daha güclü “Flaminqo” görəcəksiniz”.

Qeyd edək ki, 2 il əvvəl 1/4 finalda gələcək çempion Cənubi Koreyaya əlavə vaxtda uduzan Nigeriya yığması Azərbaycandakı turnirdə millimizlə eyni qrupda yer alıb. A qrupunda Azərbaycan və Nigeriya ilə yanaşı, Kolumbiya və Kanada da mübarizə aparacaq.

Xəbər 824 dəfə oxundu.