Azərbaycan Milli Olimpiya Komitəsinin inzibati binasında təşkil edilmiş “Olimpiya ruhu” sərgisinin açılış mərasimində Azərbaycan Respubikasının Prezidenti İlham Əliyevin nitqi
- Hörmətli cənab prezident!
- Hörmətli qonaqlar!
- Əziz dostlar!
Artıq ikinci gündür ki, Yunanıstan Prezidenti cənab Stefanopulos Azərbaycanda rəsmi səfərdədir. Artıq demək olar ki, bu səfər çox uğurlu keçir. Dünən və bu gün keçirdiyimiz görüşlərdə, apardığımız danışıqlarda bir daha əmin olduq ki, Yunanıstanla Azərbaycan arasında münasibətlər sürətlə inkişaf edir, bir çox sahələri əhatə edir. Biz əminik ki, bu səfər nəticəsində aramızda olan əlaqələr daha da genişlənəcəkdir.
Səfər çərçivəsində müxtəlif tədbirlər keçirilmişdir. Buna misal olaraq 1-ci Yunanıstan-Azərbaycan biznes forumunu göstərmək olar. Deyə bilərəm ki, cənab prezidentlə ölkəmizə gəlmiş böyük sayda iş adamları Azərbaycanın iş adamları ilə çox səmərəli işləyiblər. Biz ümid edirik ki, iki ölkə arasında olan iqtisadi əlaqələr bundan sonra daha da güclənəcəkdir.
Cənab prezidentin səfəri çox gərgin keçir. Səfər çərçivəsində Bakı Slavyan Universitetində Yunanıstan Prezidentinə fəxri doktor adı verilibdir. Bu gün isə əziz dostlar, biz sizinlə görüşürük. Çox sevindirici haldır ki, səfər çərçivəsində Milli Olimpiya Komitəsində gözəl sərgi keçirilir. Mən əminəm ki, bu sərgi böyük maraqla qarşılanacaqdır.
Azərbaycanda idmanın inkişafına, Olimpiya Hərəkatına çox böyük diqqət göstərilir. İdmanın maddi-texniki bazası güclənir, ölkəmizin müxtəlif bölgələrində yeni müasir idman qurğuları, dünya standartlarına uyğun olimpiya kompleksləri inşa edilir. Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlardan, olimpiya oyunlarından, dünya və Avropa çempionatlarından vətənə qələbə ilə qayıdırlar. Xüsusilə qeyd etməliyəm ki, 2000-ci ildə Sidneydə keçirilmiş Olimpiya oyunlarında Azərbaycan idmançıları iki qızıl, bir bürünc medal qazanmış, bununla da dünya ölkələri sırasında 34-cü yeri tutmuşlar.
Deyə bilərəm ki, bizim idmançılarımız, idman ictimaiyyəti Afinada keçiriləcək Olimpiya oyunlarına da çox ciddi hazırlaşır. Nəinki hazırlaşır, hətta deyə bilərəm ki, Olimpiya oyunlarının proqramlarında fəal iştirak edir. Olimpiya oyunlarına hazırlıq proqramı çərçivəsində Azərbaycanda üç idman növü - voleybol, taekvondo və boks üzrə təsnifat turnirləri keçirilmişdir. Bu turnirlərdə bir çox ölkələrdən gələn idmançılar Azərbaycanda qarşıdakı Olimpiya oyunlarına vəsiqələr qazanmışlar.
Bir ölkədə üç təsnifat turnirinin keçirilməsi dünya praktikasında nadir hallardan biridir. Biz bunu beynəlxalq idman ictimaiyyətinin Azərbaycana olan diqqətinin, hörmətinin əlaməti kimi qəbul edirik. Əlbəttə, biz ümid edirik ki, Azərbaycan idmançıları Afinada Olimpiya oyunlarında da ölkəmizi layiqincə təmsil edəcək, vətənə qələbə ilə qayıdacaqlar.
Mən əminəm ki, bu iki gün ərzində Yunanıstan və Azərbaycan bir-birinə daha yaxın olublar. Prezident Stefanopulosun səfəri çox uğurlu sayıla bilər. Bu səfərdən sonra iki ölkə arasında olan münasibətlər bütün sahələrdə uğurla inkişaf edəcəkdir.
Əziz cənab prezident!
Əziz dostlar!
Mən sizi bir daha ürəkdən salamlayıram. Sərginin MOK-da təşkilinə görə onun təşkilatçılarına dərin minnətdarlığımı, təşəkkürümü bildirirəm.

22 iyun 2004-cü il

Xəbər 1307 dəfə oxundu.