Makedoniya milli komandasının baş məşqçi postunda dəyişiklik olub
Makedoniya milli komandasının baş məşqçi postunda dəyişiklik olub. Uelsli mütəxəssis Con Toşak tutduğu vəzifəni tərk edib. Britaniyalı bunu Makedoniya Futbol Federasiyasının yeni prezidenti İlço Georgiyevski ilə görüşündən sonra açıqlayıb. Toşak istefa qərarını fikir ayrılığı ilə izah edib. Belə ki, qurum başçısı İspaniyada yaşayan mütəxəssisin Makedoniyaya köçərək futbolun inkişafına xidmət etməsini istəyib. Uelsli isə bununla razılaşmadığında istefa verib.

Toşak bir neçə dəfə Azərbaycanda çıxış edən futbolçular İqor Mitreski, Slavço Georgiyevski və Robert Petrovu da yığmaya dəvət edib. Lakin son vaxtlar onların heç birinin xidmətinə ehtiyac duymayıb. Mitreski isə onun gəlişindən az sonra milli karyerasını bitirməyə qərar verib.

Qeyd edək ki, ötən il avqustun 7-də baş məşqçi təyin olunan Toşakın təyinatından sonra yığmasının ilk oyunu Bakıda Azərbaycan milli komandasına qarşı olub. Lakin həmin matça balkanlıları U-21-in çalışdırıcısı Boban Babunski çıxarıb və qonaqlar 1:0 hesabı ilə qalib gəlib. Təxminən 1 il sonra yenə avqustdakı yoxlama oyunu ərəfəsində Babunskinin iş başında olması zərurəti yaranıb. Bu dəfə o, ayın 15-də Litva ilə görüşdə baş məşqçi əvəzi olacaq.

Xəbər 968 dəfə oxundu.