Şərif Şərifov da Olimpiya çempionu oldu!!!
84 kq çəkidə Azərbaycan güləşçisi Şərif Şərifov da Olimpiya çempionu oldu!
Yarışa 1/8 finaldan başlamış Şərif ilk qarşılaşmasında türkiyəli İbrahim Bölükbaşı ilə qarşılaşıb. Qarşılaşmanın birinci hissəsi təmsilçimizin xeyrinə başa çatıb – 3:1. Ardınca rəqib görüşdə tarazlıq yaratmaq istəsə də, Şərifov buna imkan verməyib. Bu dəfə də 5:3 hesabı ilə qələbə qazanan idmançımız növbəti mərhələyə yüksəlib.

1/4 finalda Şərif amerikalı Ceyk Herberti sınağa çəkib. O, ilk 2 döyüşündən fərqli, bu dəfə daha əla döyüş nümayiş etdirib. Birinci hissədə 4:1 hesablı qələbəyə sevinən təmsilçimiz ikinci hissədə 6 xal öndə olduğu üçün vaxtından əvvəl qalib olunub.

İdmançımızın yarımfinalda rəqibi iranlı Naser Laşqari olub. Görüş kifayət qədər çətin keçib. Birinci hissəni Şərif 1:0 hesabı ilə xeyrinə bitirsə də, növbəti 2 dəqiqədə rəqib 2:0 hesabı ilə qalib gəlib və qarşılaşmada bərabərliyi bərpa edib. Sonuncu hissədə isə Şərifov layiq olduğu qələbəni qazanıb (2:1).

Həlledici görüşdə Şərifovun rəqibi puerto-rikalı Yusept Espinal olub. İlk hissədə 5:1, ikinci hissədə isə 2:0 hesabı ilə qalib gələn Şərif London Olimpiadasında Azərbaycanın ikinci olimpiya qızılını qazanıb.

Bununla da ölkəmizin Olimpiadada qazandığı medalların sayı 9-a çatıb. Onlardan 2-si qızıl, 2-si gümüş və 5-i bürüncdür.

Xəbər 3947 dəfə oxundu.