Şose velosipedi üzrə Azərbaycan çempionatında daha 5 yaş kateqoriyasında qaliblər müəyyənləşib
Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının 2021-ci il üçün təsdiq etdiyi vahid idman təqvim planına əsasən, İsmayıllıda keçirilən şose velosipedi üzrə Azərbaycan çempionatı davam edir.

İkinci yarış günündə 5 yaş kateqoriyası üzrə qrup ötüşməsinin qalibləri müəyyənləşib.

On beş yaşadək qızların 30 kilometr məsafəyə mübarizəsi 7 saylı Olimpiya Ehtiyatları Məktəbinin üzvü Ayan Məmmədzadənin qələbəsi ilə yekunlaşıb. Bu yaş kateqoriyasında eyni məsafəyə yarışan oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçisi Ravi Rzayev finiş xəttini birinci keçib.
U-17 yaş kateqoriyasında çıxış edən velosipedçilər 50 kilometr məsafə qət ediblər və qələbəni Respublika Olimpiya Velosiped Məktəbinin üzvləri Radha Şabanova ilə Hüseyn Nərimanov bayram ediblər.

Gənc qızların 50 kilometr məsafəyə qrup ötüşməsində Respublika Olimpiya Velosiped Məktəbinin idmançısı Viktoriya Sidorenko çempionluq sevinci yaşayıb.

Sonuncu yarış günündə - avqustun 21-də gənc oğlanlar, həmçinin kişilər və qadınlar arasında qrup ötüşməsi üzrə ölkə çempionları müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) göndəriləcək və toplanan xallar həm idmançıların, həm də ölkəmizin reytinq cədvəlində öz əksini tapacaq.

Xəbər 407 dəfə oxundu.