Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin “İdman” qəzetinin əməkdaşına müsahibəsi
- Bu vəzifəyə dəvət Sizin üçün gözlənilməz oldumu?

- Demək olar ki, hə.

- Bəs Siz onu necə qarşıladınız?

- Mən bu təklif üzərində bir neçə gün düşündüm və sonda razılıq verməyi qərara aldım. Məsələ burasındadır ki, MOK prezidenti olmaq böyük məsuliyyətdir və mən bunu yaxşı dərk edirəm. Mən hər bir işə maksimal məsuliyyətlə yanaşmağa adət etmişəm, başqa cür də bacarmıram. Buna görə də bu bir neçə gün ərzində düşünürdüm ki, MOK-un işləri ilə məşğul ola biləcəyəmmi. Yekunda, hər şeyi götür-qoy etdikdən sonra fikirləşdim ki, bu posta seçilməyim ölkəmizdə Olimpiya Hərəkatının və ümumiyyətlə, idmanın inkişafı üçün yaxşı olar. Hesab edirəm ki, bunun üçün böyük imkanlara malikəm.

- Bütün bunları necə təsəvvür edirsiniz?

- Hamı kimi mən də bilirəm ki, SSRİ-nin dağılmasından sonra ölkəmizdə idman peşəkar yola qədəm qoyub. Buna görə də idmançılarımızın böyük əksəriyyətinin maddi vəziyyəti xeyli pisləşib. Dövlətin isə daha vacib problemləri var və idmançıların bütün tələbatlarını ödəmək imkanında deyil. Mən çalışacağam ki, bu işi öz yoluna qoyum və özəl sərmayədarları idman aləminə cəlb edim. Bundan başqa, bildiyiniz kimi, bir çox idmançılarımız ölkəmizi tərk edib və başqa dövlətlərin bayrağı altında çıxış edirlər. Həmin idmançıların vətənə qaytarılması bizim işimizin əsas prioritetlərindən biri olacaq.
Biz ölkəmiz üçün ənənəvi olan idman növlərini inkişaf etdirməyə və məhv olmuş növləri isə dirçəltməyə borcluyuq. Biz idmançıların məşq və yarışlarda iştirakı üçün mümkün olan bütün şəraiti yaradacağıq. Yaxın vaxtlarda Olimpiadaya hazırlıq nöqteyi-nəzərindən bizim üçün prioritet olacaq idman növlərini müəyyənləşdirəcəyik. Amma bu o demək deyil ki, digər növlərə diqqət yetirməyəcəyik. Sadəcə olaraq, Olimpiadaya az vaxt qalıb və biz Azərbaycanın dünya arenasında layiqincə təmsil olunması barədə düşünməliyik.

- Son bir ildə bilavasitə “Neftçi” cəmiyyətinə fəal kömək etməklə ölkənin idman həyatında iştirak etmisiniz. Bunun da nəticəsində bir vaxtlar ən geridə qalmış həmin cəmiyyət indi ən öndə gedən idman təşkilatlarından birinə çevrilib. Bununla bağlı belə bir sual meydana çıxır, niyə məhz və yalnız “Neftçi”?

- “Neftçi” Dövlət Neft Şirkətinin strukturuna daxildir. Mən isə həmin şirkətin vitse-prezidentiyəm. Bunu etmək isə bizim vəzifəmizdir. Axı, bu cəmiyyət 60 ilə yaxın bir dövr ərzində ölkəmizə tanınmış idmançılar bəxş edib və mən onun pərəstişkarıyam. Niyə yalnız “Neftçi” məsələsinə gəlincə, ona görə ki, başqaları bizə müraciət etməyiblər. Əgər başqa idman təşkilatlarından da müraciət etsəydilər, fikrimcə, imkan tapıb onlara da kömək edə bilərdim.

- Siz əsl idmansevər kimi danışırsınız.

- Mən həqiqətən də idmanı çox sevirəm. İmkan daxilində heç bir idman teleyayımını buraxmıram. Fikrimcə, idman yarışlarını izləmək insana böyük eneryi, müsbət emosiya verir. Mən hətta başqalarına maraqlı gəlməyən idman növlərinə də tamaşa edirəm. Məsələn, xizək yarışlarına. Kənardan izləyənə elə gəlir ki, orada heç bir mübarizə yoxdur, xizəkçi özü üçün cığırda gedir, vəssalam. Amma əsl həqiqətdə o, vaxtla mübarizə aparır. O özündən öndə və arxada gedən rəqiblərin qazandığı saniyələrlə mübarizə aparır. Eləcə də “Formula-1” yarışlarında. Mən bu verilişlərə baxanda dostlarımın çoxu heyrətlənirlər. Onlara elə gəlir ki, bu çox cansıxıcıdır - nə olsun ki, bolidlər dövrə dalınca dövrə vurur. Mənim baxışıma görə isə bu, çox maraqlıdır. Ümumiyyətlə, maraqsız idman növü yoxdur. Sadəcə olaraq, onu başa düşmək lazımdır.

- Siz sonuncu dəfə hansı teletranslyasiyaya baxmısınız?

- Sevilyada keçirilən suyatullanma üzrə Avropa çempionatından reportaja. Elə məni də çox məyus etdi ki, bizim idmançımız orada sonuncu yeri tutdu.

- Bəs ən çox sevdiyiniz idman növü hansıdır?

- Futbol. Fikrimcə, idmanın ən gözəl və cəlbedici növüdür. Tələbə vaxtı, tətillərdə Bakıya gələndə ilk olaraq SSRİ çempionatının təqvimini açıb baxırdım ki, “Neftçi”nin neçə oyununu stadionda izləyə biləcəyəm. Həmçinin Bakı komandasının Moskvada heç bir oyununu buraxmazdım.

- Komandalarımızın indiki çıxışlarını necə qiymətləndirirsiniz?

- Mən hesab edirəm ki, bu, sadəcə olaraq biabırçılıqdır. Bizim futbolda gözəl ənənələrimiz var. Futbolçularımız azarkeşləri dünyanın bir çox stadionlarında heyrətləndirərdilər. Amma indiki vəziyyət Azərbaycan futbolçularının bir neçə il bundan əvvəl nümayiş etdirdikləri səviyyə ilə heç uyğun gəlmir.

- Siz futbol üzrə Azərbaycan Olimpiya yığma komandasına kömək edəcəksinizmi?

- Bunun üçün, ilk növbədə, AFFA güclü olimpiya komandası yaratmaq yolunda tədbirlər görməlidir.

- Siz özünüz nə vaxtsa idmanla məşğul olmusunuzmu?

- Bəli. Yeniyetmə yaşlarımda mən idmanla yetərincə fəal məşğul olmuşam. Üzgüçülükdə yaxşı nəticələr qazanmışam. Hesab edirəm ki, əgər fəal məşqləri davam etdirsəydim, çox yaxşı idmançı ola bilərdim. Hətta bir dəfə, 1974-cü ildə Almaniyada (xatırlatmaq istərdik ki, bu ölkənin üzgüçüləri həmin illərdə dünya arenasında dominantlıq edirdilər) uşaq yarışlarında qalib gəlib qızıl medal da qazanmışdım.

- Qələbədən sonra keçirdiyiniz hissləri xatırlayırsınızmı?

- Əlbəttə. Həmin hissləri sözlə ifadə etmək mümkün deyil. Mən bütün yarışlarda, hətta həyətdə futbol və ya voleybol oynayanda da yalnız qalib gəlməyə səy göstərirdim. Həmişə də məğlubiyyəti dərin kədərlə qarşılayırdım. Məğlub olmağı xoşlamıram.

- Bəs indi idmanla məşğul olursunuz?

- Həftədə 2-3 dəfə bir saatlıq gimnastika ilə, bundan başqa qaçış və üzgüçülüklə də məşğul oluram. Hər məşqdə 1-1.5 km üzürəm.

- İdmanın həyatınızda Sizə köməyi dəyibmi?

- Mən deməzdim ki, nədəsə birbaşa köməyi dəyib. Amma idman formamı yaxşı saxlamağa, iş qabiliyyətimi yüksəltməyə kömək edib. İdmanla məşğul olmağım sayəsində işə daha çox vaxt ayıra bilirəm.

- Siz bu gün MOK İcraiyyə Komitəsinin birinci iclasını keçirdiniz. Görülən işlərin nəticəsi olaraq nə deyə bilərsiniz?

- Fikrimcə, hansısa nəticə haqda danışmaq hələ tezdir. Bu barədə məndən ilyarımdan sonra soruşarsınız və onda mən sizə cavab verə bilərəm.

- Gəlin qələbə söhbətinə qayıdaq. Siz indi özünüzü qalib hesab edirsinizmi?

- Yox. Heç cür.

- Bəs Sizin MOK prezidenti rolunda özünüzü qalib hiss etməyiniz üçün nə lazımdır?

- Heç olmasa, bir Azərbaycan idmançısı növbəti Olimpiadada qızıl medal qazansın. Əgər Azərbaycan himni Sidneydə səslənəcəksə, mən özümü qalib kimi hiss edəcəyəm.

26 avqust 1997-ci il

Xəbər 2783 dəfə oxundu.