UEFA Avroliqada komandalar arasındakı gəlirlərlə bağlı yeniləşən məlumatları açıqlayıb
UEFA Avroliqada cari mövsümdə komandalar arasındakı gəlirlərlə bağlı yeniləşən məlumatları açıqlayıb. Qrup iştirakçılarının hər biri 1,3 milyon, üstəlik, hər qələbəyə görə 200 min, heç-heçəyə görə 100 min avro alacaq.

1/16 finalçı 200 min, 1/8 finalçı 350 min, 1/4 finalçı 450 min, yarımfinalçı 1 milyon avro qazanacaq. Turnirin qalibinə 5, finalda uduzana 2,5 milyon avro veriləcək. Bununla da Avroliqanı qazanan komanda marketinqdən gələn bonusları nəzərə almasaq, 9,9 milyon avro qazana biləcək.

İlk 3 təsnifat mərhələsində çıxış edən bütün komandaların hər biri 100 min avro alacaqlar. Bu, hətta onlar sonradan qrup mərhələsinə düşərsə, reallaşacaq. Son təsnifat mərhələsində mübarizədən kənarda qalanlar da 100 min avro qazanacaq.

Burdan belə nəticəyə gəlmək olar ki, Avroliqadan artıq kənarda qalan təmsilçilərimizdən “Bakı” 100, “İnter”lə “Xəzər Lənkəran” hərəyə 200 min avro irəli düşüb. “Zolaqlılar” I mərhələdə mübarizəni dayandırdısa, digərləri 2 mərhələdə iştirak etdilər.

Çempionlar Liqasında çıxışını başa vurduqdan sonra Avroliqanın son təsnifat mərhələsinə qatılacaq “Neftçi” burda uduzsa belə, 100 min avro qazanacaq. Bakılıların qrup mərhələsinin iştirakçısı olmağı isə onu avtomatik 1,3 milyon avro irəli salacaq.

Xəbər 1027 dəfə oxundu.