Bu gün London Olimpiadasında Azərbaycan taekvondoçuları mübarizəyə başlayacaqlar
Bu gün London Olimpiadasında Azərbaycan taekvondoçuları mübarizəyə başlayacaqlar. 1/8 finaldan yarışa qatılacaq yığmamızın hər 2 üzvü indiyədək medal qazanmadığımız növdə şanlı səhifə açmaq arzusundadır.

Kişilər
80 kq
Dünya reytinqində 1-ci olan Ramin Əzizov püşkə əsasən güclü rəqiblə qarşılaşacaq. Çünki həmyerlimiz ilk döyüşünü 2 qat Olimpiya çempionu və bürünc mükafatçısı, eləcə 5 dəfə dünya çempionu, yarışın favoritlərindən sayılan 33 yaşlı amerikalı Stiven Lopesə qarşı keçirəcək. Rəqibindən 9 yaş kiçik olan Əzizovun görüşü Bakı vaxtı ilə saat 13:15-də başlayacaq.

Ramil mərhələ adlayarsa, Rəsul Abdulrəhim (Qırğızıstan) – Mauro Sarmiento (İtaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qadınlar
67 kq
Olimpiadaya lisenziya qazanmaqla möhtəşəm yarışda Azərbaycanı ilk dəfə zəriflərin yarışında təmsil edəcək Fəridə Əzizova da ilk görüşündə güclü rəqiblə qarşılaşacaq. Cəmi 17 yaşlı idmançımız daha təcrübəli, Pekin-2008-in gümüş mükafatçısı, dünya çempionatında hər 3 medalı qazanmış və özündən 10 yaş böyük olan kanadalı Karin Sergeri ilə üz-üzə gələcək. Lakin şimali amerikalı Əzizova üçün keçilməz deyil. Çünki taekvondoçumuz Bakıda London Yay Olimpiya Oyunlarına lisenziya verən dünya təsnifat turnirinin 1/4 finalında Sergeriyə gücünü göstərib və ona qalib gəlib. Görüş saat 16:30-da başlayacaq.

Qeyd edək ki, taekvondoçularımızın Londonda qazanacaqları istənilən medal Olimpiada tariximizə qızıl hərflərlə yazılacaq. Bu da hələ bu növdə möhtəşəm yarışda mükafatımızın olmaması ilə bağlıdır.

Xəbər 1398 dəfə oxundu.