Azərbaycan Londonda 7-ci medalını qazandı

Böyük Britaniyanın paytaxtı Londonda XXX Yay Olimpiya Oyunları davam edir.
Yarışa səkkizdəbir final mərhələsindən qoşulan Azərbaycanın qadın güləşçisi Yuliya Ratkeviç (55 kq) Olimpiya Oyunlarında Mariya Prevolorakini (Yunanıstan) məğlub edib.
Xatırladaq ki, Yuliya Ratkeviç dörddəbir finalda yaponiyalı Saori Yoşidaya uduzmuşdu. Yaponiyalı idmançı finala yüksəldiyi üçün Azərbaycan güləşçisi bürünc medal uğrunda təsəlliverici görüşdə iştirak etmək hüququ qazanıb.
Ardıcıl olaraq Kelsi Kembell (ABŞ) və Valeriya Jolobova (Rusiya) üzərində inamlı qələbə qazanan Y.Ratkeviç beləliklə, London Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.
Qeyd edək ki, bu Azərbaycan idmançılarının Londonda sayca 7-ci medalıdır. Bunadək güləşçilərimizdən Rövşən Bayramovla Mariya Stadnik gümüş, Emin Əhmədov, eləcə də ağırlıqqaldıran Valeri Xristov bürünc qazanıblar. Bundan başqa boksçularımızdan Teymur Məmmədovla Məhəmmədrəsul Məcidov yarımfınala vəsiqə qazanmaqla ən azı bürünc medalı özlərinə təmin ediblər.
Xatırladaq ki, Azərbaycan 4 il bundan qabaq Pekin Olimpiadasında 7 medal qazanmışdı. Hələ bəzi idmançılarımızın mübarizəyə başlamadığını nəzərə alsaq, ölkəmizin daha çox medal qazanacağını gözləmək olar.

Xəbər 969 dəfə oxundu.