Aliyə Qarayeva növbəti mərhələdə
Bu gün XXX London Yay Olimpiya Oyunlarında bədii gimnastika yarışlarına start verilib. Yarışda Azərbaycanı 4 il öncə Pekində olduğu kimi yenə Aliyə Qarayeva təmsil edir.

Çoxnövçülük üzrə keçiriləcək yarışın ilk günü gimnastlar 2 hərəkətdə bacarıqlarını nümayiş etdirirlər. 24 idmançının qatıldığı təsnifat mərhələsində 24 yaşlı Avropa çempionumuz əvvəlcə həlqə ilə nəyə qadir olduğunu göstərib. Xalçaya 15-ci çıxan təmsilçimiz səhvə yol verməyib və hakimlər onun iştirakını 27,450 xalla qiymətləndiriblər. Bu hərəkətdə Aliyə 7-ci yeri tutub.

Daha sonra Qarayeva topla kompozisiyasını təqdim edib. 16-cı nömrə kimi yarışa qoşulan gimnastımızın çıxışı 28,350 xalla qiymətləndirilib. O, bu hərəkətdə hələlik 3-cü, 2 hərəkətin cəmində isə 4-cüdür (55,800).

Qeyd edək ki, 1 gün sonra gimnastlar gürz və iplə hərəkətləri icra edəcəklər. Burada Aliyə xalçaya müvafiq olaraq, 3-cü və 4-cü çıxacaq. Təsnifat mərhələsinin yekununa əsasən isə 10 idmançı finala yüksələcək. Qaliblər avqustun 11-də bilinəcək.

Apasport.az

Xəbər 1510 dəfə oxundu.