Milad Beiqi Hərçəqani: Ümid edirəm ki, qarşıdakı görüşlərdə nəticə bundan yaxşı olacaq
Fəridə Əzizovanın (67 kq) uduzduğuna görə çox pis oldum. Ona gələcək yarışlarda uğurlar arzulayıram. İlk qarşılaşmaya gəlincə, deyə bilərəm ki, bədən hələ tam açılmamışdı və bir qədər çətinliklər var idi.

Bu sözləri Azərbaycan taekvondoçusu Milad Beiqi Hərçəqani (80 kq) Tokio Olimpiadasında Çin Taypeyini təmsil edən Liu Vey-Tinqə qalib gəldiyi görüşdən sonra müsahibəsində bildirib.

O qeyd edib ki, dörddəbir finaldakı rəqiblərini yaxşı tanıyır. Belə ki, özbəkistanlı idmançı ilə iki dəfə qarşılaşıb. Birində qalib gəlsə də, digərində məğlub olub. İdmançımız növbəti qarşılaşmalarında nəticənin daha yaxşı olacağına ümid etdiyini deyib.

Milad Beiqi Hərçəqani dörddəbir finalda özbəkistanlı Nikita Rafaloviç - Hernandes Moises (Dominikan Respublikası) cütünün qalibi ilə görüşəcək.

Xatırladaq ki, Milad Beiqi Hərçəqani Rio Olimpiadasında bürünc medal qazanıb.

Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

Xəbər 447 dəfə oxundu.