"Tokio-2020": Olimpiadanın üçüncü günündə dörd idmançımız mübarizəyə qoşulacaq | |
"Tokio-2020" Yay Olimpiya Oyunları davam edir. Olimpiadanın üçüncü günündə - iyulun 25-də Azərbaycanın 4 idmançısı mübarizəyə qoşulacaq. Atletlərimiz idmanın 4 növündə güclərini sınayacaqlar. Olimpiadanın üçüncü boksçumuz Cavid Çələbiyev (63 kq) rinqə çıxacaq. Onun rəqibi Ukrayna idmançısı Yaroslav Hartsiz olacaq. Qadınlar arasında idman gimnastikası yarışlarında ölkəmizi Marina Nekrasova təmsil edəcək. Stend atıcılığı yarışlarında təmsilçimiz Emin Cəfərov medallar uğrunda yarışacaq. Cüdo yarışlarının ikinci günüdə bir idmançımız tatamiyə çıxacaq. Kişilərin yarışında mübarizə aparacaq Orxan Səfərov (66 kq) Yerlan Serikjanov (Qazaxıstan) ilə üz-üzə gələcək. Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub. “Tokio-2020”də ən böyük heyət ABŞ komandasına məxsusdur. Yarışda ABŞ-ı 613 atlet təmsil edəcək. Andorra, Bermud Adaları, Bruney, Dominik, Lesoto, Mavritaniya, Marşal Adaları, Nauru, Somali, Tuvalu, Mərkəzi Afrika Respublikası və Cənubi Sudan 2 idmançı ilə təmsil olunur. Dördilliyin zirvə yarışında, həmçinin qaçqınlardan ibarət və BOK-un komandaları iştirak edir. Turnirin ən az yaşlı idmançısı suriyalı Hend Zazadır. On iki yaşlı idmançı stolüstü tennis yarışlarında gücünü sınayacaq. Ən yaşlı idmançı – 66 yaşlı avstraliyalı Meri Hanna isə atçılıq yarışlarında mübarizə aparacaq. |
|
Xəbər 414 dəfə oxundu. |
|
|