Sabah Premyer Liqada II tura start veriləcək
Sabah Premyer Liqada II tura start veriləcək. Millimiz avqustun 15-də Bəhreynlə yoldaşlıq görüşü keçirəcəyindən, tur 1 gün tez başlayacaq. Özü də qarşılaşmalar cümə və şənbə günlərinə bərabər şəkildə paylanıb.

İlk turda öz aralarındakı oyunu təxirə salınan, son titulların sahibləri – çempion “Neftçi” ilə ölkə kubokunun sahibi “Bakı” mövsümə start verəcək. Son kubokunun finalçıları çempionata paytaxtda başlayacaqlar. “Bakı” iddialılar üçün “başağrısı” ola biləcək “Simurq”u qonaq edəcək. Bununla da “zolaqlılar”ın çernoqoriyalı baş məşqçisi Bojidar Bandoviç həm postunda, həm də ölkəmizdə rəsmi debütünü reallaşdıracaq.

“Neftçi” isə “Qarabağ”la tarixi derbiyə çıxacaq. Özü də bütün milli çempionatımızın iştirakçıları olan komandalar ilk dəfə “Dalğa Arena”da üzləşəcəklər. Çempionlar Liqasında cari mövsümdə oyunlarını orada keçirən “Neftçi”nin sintetik qazona uyğunlaşmağı üstünlükdür və bu dəfə Mərdəkandakı həmin stadionda qonaq olacaq.

Turun digər maraqlı oyunu Qəbələdə keçiriləcək. “Qəbələ” cari mövsümdə ilk ev oyununda çətin sınaq qarşısındadır. Belə ki, rəqib heyətini gücləndirərək, çempionluğa iddialı olan “İnter”dir. Komandaların hər ikisi ilk turda 1:1 hesablı heç-heçə edib.

“Xəzər Lənkəran” yeni mövsümdə öz meydanında ilk oyunda I turun uğursuzu ilə üzləşəcək. Bu, startda uduzan yeganə komanda “Kəpəz”dir. AZAL ötən mövsüm daha çox uduzduğu “Rəvan”ı qonaq edəcək. İlk turda yeganə qalib kimi vahid lider olan “Turan” ona yaxşı tanış olan rəqibi ilə qarşılaşacaq. Bu, ötən mövsüm Premyer Liqada uğrunda əsas rəqibi olan və sonda qabaqladığı “Sumqayıt”dır. Hər 2 komanda güclülər dəstəsində saxlanıldığından, orada çıxışını davam etdirərək, yenidən rəqib olmaq imkanı qazandı.

10 avqust

19:00. "Bakı" - "Simurq"
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Coşqun Həsənov, Feyzulla Feyzullayev
Bakı. "Bakı"nın təlim-məşq bazasının stadionu

19:00. "Qəbələ" - "İnter"
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Azər Əsgərov, Fuad Həsənov
Qəbələ. Şəhər stadionu

19:30. "Xəzər Lənkəran" - "Kəpəz"
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, İsgəndər Əliyev, Fərid Məmmədov
Lənkəran. Şəhər mərkəzi stadionu

11 avqust

18:00. AZAL - "Rəvan"
Hakimlər: Elçin Məmmədov, Knyaz Əmiraslanov, Namiq Hüseynov, Ramil Əhmədov
Bakı. “AZAL Arena” stadionu

18:00. "Turan" - "Sumqayıt"
Hakimlər: Elvin Əsgərov, Zeynal Zeynalov, Elşən Acalov, Tahir Əhmədov
Tovuz. Şəhər stadionu

20:00. "Qarabağ" - "Neftçi"
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Anar Salmanov
Bakı. “Dalğa Arena” stadion

Xəbər 1052 dəfə oxundu.