London 2012: Bu gün bədii gimnastika yarışlarına start veriləcək
Bu gün XXX London Yay Olimpiya Oyunlarında bədii gimnastika yarışlarına start veriləcək. Yarışda Azərbaycanı 4 il öncə Pekində olduğu kimi yenə Aliyə Qarayeva təmsil edəcək.

Çoxnövçülük üzrə keçiriləcək yarışın ilk günü gimnastlar 2 hərəkətdə bacarıqlarını nümayiş etdirəcəklər. 24 idmançının qatılacağı təsnifat mərhələsində 24 yaşlı Avropa çempionumuz əvvəlcə həlqə ilə nəyə qadir olduğunu göstərəcək. O, xalçaya 15-ci çıxacaq.

Daha sonra Qarayeva topla kompozisiyasını təqdim edəcək. Gimnastımız burada 16-cı nömrə kimi yarışa qoşulacaq.

Qeyd edək ki, 1 gün sonra gimnastlar gürz və iplə hərəkətləri icra edəcəklər. Burada Aliyə xalçaya müvafiq olaraq, 3-cü və 4-cü çıxacaq. Təsnifat mərhələsinin yekununa əsasən isə 10 idmançı finala yüksələcək. Qaliblər avqustun 11-də bilinəcək.

Xəbər 1448 dəfə oxundu.