"Tokio-2020": Azərbaycan komandasının bayraqdarları Olimpiya medalına iddialıdırlar
"Tokio-2020" Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının bayraqdarları cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova Olimpiada ilə bağlı fikirlərini bölüşüblər.

Dünya və Avropa çempionatının bürünc mükafatçısı F.Əzizova üçüncü dəfə Olimpiya Oyunlarında iştirak edəcəyini açıqlayıb.

Taekvondoçumuz qeyd edib ki, Azərbaycan komandasının bayraqdarı olduğum üçün qürur duyuram. Çalışacağam ki, ölkəmizi layiqincə təmsil edim. Bayrağı daşımaq mənim üçün motivasiya və stimuldur. Rəqiblərim çox güclüdür. Görüşlərin gərgin idman mübarizəsi şəraitində keçəcəyini indidən söyləyə bilərəm. Ancaq əsas hədəfim medal qazanmaqdır.

"Rio-2016" Yay Olimpiya Oyunlarının gümüş medalçısı R.Orucov deyib: "Qarşıma mükafatçılar sırasında yer almağı məqsəd qoymuşam. Olimpiya Oyunlarında heç vaxt zəif rəqib olmur. Qələbə qazanmaq üçün əzmkarlıq nümayiş etdirmək lazımdır. Koronavirus səbəbindən uzun müddət tatamidən uzaq qaldım. Olimpiadaya yüksək səviyyədə hazırlıq keçmişəm. Artıq formadayam və ümid edirəm ki, "Tokio-2020"də çıxışım uğurlu alınacaq".

Qeyd edək ki, Azərbaycan “Tokio-2020”də 44 idmançı ilə təmsil olunacaq.

Tokioda 2020-ci ilin yayında keçirilməli olan Yay Olimpiya və Paralimpiya oyunları koronavirus pandemiyası ilə əlaqədar cari ilə təxirə salınıb. Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək, Paralimpiya Oyunları isə avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.

Xəbər 424 dəfə oxundu.