Olimpiya Oyunlarının məşəli Tokioya gətirilib | |
İyulun 9-da Olimpiya məşəli estafeti Tokioda start götürüb. Yaponiyanın artıq 46 prefekturasında olan məşəl sonuncu – paytaxt prefekturasına gətirilib. Bu münasibətlə Tokionun Komazava parkında təntənəli mərasim təşkil edilib. Mərasimi Tokionun qubernatoru Yuriko Koike açıb. Xanım qubernator Olimpiya Oyunlarının məşəlinin Yaponiya paytaxtına gətirilməsi ilə əlaqədar raportu qəbul edib. Mərasimdə çıxış edən qubernator deyib: “Ötən ilin martında bu alov Yunanıstandan Yaponiyaya gətirilib. Olimpiya Oyunlarının vaxtı dəyişdirilsə də, biz alovu bir il müddətində qoruyaraq saxlamışıq. Nəhayət ki, martın 25-də Fukusima prefekturasında məşəl estafeti start götürüb. Ölkənin 46 prefekturasını gəzən Olimpiya məşəli bu gün Tokioya çatıb. Bütün çətinliklərə baxmayaraq, ölkə əhalisinin ümid rəmzi kimi qarşıladığı məşəl artıq Yaponiya paytaxtındadır”. Estafetin keçəcəyi ilk paytaxt rayonu Maçida şəhəri olacaq. Tokionun bütün rayonlarını gəzəcək məşəl iyulun 23-də Olimpiadanın açılış mərasimi günü Tokionun mərkəzinə qayıdacaq. Mərasimin təşkil edildiyi Komazava stadionunun ətrafında Olimpiadanın keçirilməsinə etiraz edənlərin mitinqi də təşkil olunub. Buraya toplaşanlar “Olimpiadanı dayandırın!”, “Biz Olimpiadanın əleyhinəyik!” kimi şüarlar səsləndiriblər. Qeyd edək ki, mərasim Tokioda koronavirusa yoluxmanın artması ilə əlaqədar dördüncü fövqəladə vəziyyət rejiminin elan edilməsindən cəmi bir neçə saat sonra keçirilib. Xatırladaq ki, Tokio Olimpiadası iyulun 23-dən avqustun 8-dək təşkil olunacaq. Bu Olimpiadanın ən çox idman növünü (33) və kateqoriyasını (339) əhatə edəcəyi bildirilir. Yarışlarda 19 minədək idmançının iştirakı da gözlənilir. Tarixdə ilk dəfə olaraq Olimpiya Oyunları tamaşaçılarsız keçiriləcək. |
|
Xəbər 429 dəfə oxundu. |
|
|