Londonda Olimpiadanın bütün yarışlarına bileti olan azarkeş öldü

49 yaşlı britaniyalı azarkeş, 2012-ci il Olimpiya oyunlarının bütün yarış günləri üçün bilet almış Konrad Ridmen London xəstəxanasında vəfat edib.

Trekdə velosiped idmanı üzrə yarışlarda britaniyalı Viktoriya Pendltona və kişilərdən ibarət yığma komandanın yarışlarına azarkeşlik edən Ridmen həmin yarışlardan qayıdarkən velodromun yaxınlığındakı Olimpiya parkında özünü pis hiss edib və huşunu itirib.

Həkimlər Ridmeni xəstəxanaya aparsalar da, onu xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, onun ölümünə ürək çatışmazlığı səbəb olub.

İxtisasca mühasib olan Ridmen işdə iki həftə məzuniyyət götürmüşdü.
“Daily Gazette” nəşri göstərir ki, Ridmen Olimpiadanın təntənəli açılış mərasimi də daxil olmaqla, avarçəkmə və suya tullanmadan başlamış kamandan ox atmağa və badmintona qədər idmanın bütün növləri üzrə yarışlara gedirdi.

AzərTAc

Xəbər 1136 dəfə oxundu.