Göyçay Olimpiya İdman Kompleksi gənclərin ən çox üz tutduğu məkana çevrilib

Göyçay Olimpiya İdman Kompleksi yeniyetmə və gənclərin, eləcə də digər yaş qrupundan olan kişi və qadınların 15 idman növü ilə müntəzəm məşğul olması üçün lazımi şəraitə malikdir. Kompleksin direktoru Həsən Bayramlı AzərTAc-a bildirib ki, idmanla məşğul olanlarla yanaşı, asudə vaxtını səmərəli keçirmək istəyən rayon sakinləri də kompleksin bilyard və tennis zalından, üzgüçülük hovuzundan, saunasından, yeməkxanasından istifadə edirlər. Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilən və 2010-cu ilin fevralında dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə istifadəyə verilən idman qurğusu son iki ildə böyük uğurlara imza atmış, rayonda idman hərəkatının genişlənməsinə, bu sahədə yeni uğurların əldə edilməsinə səbəb olmuş, kompleks müxtəlif növ idman yarışlarına ev sahibliyi edib.
Rayon gənclərinin ən çox üz tutduğu məkana çevrilən bu idman kompleksində olimpiya idman növlərindən güləş, cüdo, taekvondo, bədii gimnastika üzrə ödənişsiz, qeyri-olimpiya idman növlərindən karate, kapoero, kikboksinq, sambo, universal döyüş, aikido, futbol, voleybol, üzgüçülük, tennis, bilyard üzrə ödənişli məşqlər keçirilir. Hazırda kompleksdə ümumilikdə 620 yeniyetmə və gənc idmanla məşğul olur. Artıq kikboksinq, taekvondo və güləş üzrə ürəkaçan nəticələr də vardır. Kompleksin idmançıları ölkə çempionatında medallar qazanmışlar. Kompleksin futbol üzrə yığma komandası isə ölkə çempionatının həvəskarlar liqasında oynayır. Kompleksin üzgüçülük hovuzunda ilin bütün fəsillərində məşq keçmək üçün imkan yaradılıb. Orada həftənin bir günü qadınlar üçün ayrılıb. Trenajor zalında qadınlar və kişilərin də idmanla məşğul olması mümkündür.

Xəbər 1436 dəfə oxundu.