Yunan-Roma güləşi üzrə Azərbaycan yığması London Yay Olimpiya Oyunlarını 5-ci yerdə başa vurub
Yunan-Roma güləşi üzrə Azərbaycan yığması London Yay Olimpiya Oyunlarını 5-ci yerdə başa vurub. Yarışa 5 güləşçi ilə qatılan komandamız 1 gümüş və 1 bürünc qazanmaqla, yalnız 4 ölkədən geri qalıb. Bu da çempionluq sevinci yaşayan yığmalar olub.

7 çəki dərəcəsində yalnız 4 ölkənin himni səslənib ki, İran millisi 3 çempionluqla hamıdan öndə qərarlaşıb. Cənub qonşumuzdan 1 qızıl geri qalan Rusiya 2-ci olub. Cənubi Koreya ilə Kuba isə qazandıqları yeganə medal qızıl olduğu üçün 3-cü pilləni bölüblər.

Ümumilikdə, 17 ölkənin medal qazandığı yunan-Roma güləşində 5-ci yeri 3 yığma ilə bölən millimiz 1-dən artıq mükafat qazanan 8 komandadan biri olub. Ümumi medal sayında Rusiya 5 mükafat qazanmağı bacarıb.

Qeyd edək ki, yığmamızın 2 üzvü - Rövşən Bayramov (55 kq) ikinci, Emin Əhmədov (74 kq) üçüncü yeri tutub. Həsən Əliyev (60 kq), Saman Təhmasibi (84 kq), Şalva Qadabadze (96 kq) isə yarışı mükafatsız bitirib.

Xəbər 1044 dəfə oxundu.