“Avro-2020”: Bu gün dörddəbir final mərhələsinin daha iki iştirakçısı müəyyənləşəcək
İyunun 28-də futbol üzrə Avropa çempionatının səkkizdəbir final mərhələsinin daha iki qarşılaşması keçiriləcək.

Günün birinci matçı Xorvatiya və İspaniya yığmaları arasında oynanılacaq. Kopenhagendəki “Parken” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu türkiyəli FIFA referisi Cüneyt Çakır idarə edəcək.

Günün sonuncu matçında isə Fransa və İsveçrə milli komandaları üz-üzə gələcəklər. Buxarestdəki “Milli Arena”da gerçəkləşəcək görüşün baş hakimi argentinalı Fernando Rapallini olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Fransa - İsveçrə və Xorvatiya - İspaniya oyunlarının qalibi dörddəbir finalda rəqib olacaqlar.

Səkkizdəbir final mərhələsinin iyunun 29-da oynanılacaq son iki matçında İngiltərə seçməsi Almaniya, İsveç millisi isə Ukrayna ilə üz-üzə gələcəklər.

Xatırladaq ki, dörddəbir final mərhələsinin dörd iştirakçısı artıq müəyyənləşib. İyulun 2-də Münhendə Belçika və İtaliya milliləri qarşılaşacaqlar. İyulun 3-də Bakıda keçiriləcək oyunda isə Çexiya və Danimarka milliləri görüşəcəklər.

Xəbər 321 dəfə oxundu.