Məhəmmədrəsul Məcidovun yarımfinala yüksəlməsi Rusiya mətbuatında müzakirələrə səbəb olub
Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidovun (+91 kq) XXX Yay Olimpiya Oyunlarında yarımfinala yüksəlməsi Rusiya mətbuatında müzakirələrə səbəb olub. Ən ağır çəkidə döyüşən təmsilçimiz 1/4 finalda məhz rusiyalı idmançını – 22 yaşlı Məhəmməd Ömərovu məğlub etdiyindən, şimal qonşularımız bu döyüşə biganə qalmayıblar.

Məcidov kimi Ömərov də əslən dağıstanlı olduğundan, rus həmkarlarımız döyüşü “Dağıstan derbisi” kimi qələmə veriblər. Ötən il Bakıda keçirilən dünya çempionatının qalibi olan Məhəmmədrəsulun Azərbaycan yığmasının üzvü olandan sonra əhəmiyyətli dərəcədə uğur qazanmağının göz qabağında olmağı bildirilib: “Bu döyüşdə də Məcidov favorit sayılırdı. Ağır çəkidə çıxış edən 2 dağıstanlının döyüşü göz oxşayırdı. Boksçular rinqdə özlərini əsl döyüşçü kimi göstərdilər. Üstünlük vaxtaşırı birindən digərinə keçirdi. Ümumilikdə, bu, şanlı döyüş idi”.

Məcidovun döyüş üslubunu xarakterizə edən həmkarımız onun üstün cəhətlərini qeyd edib. Belə ki, boksçumuzun daha intizamlı və toparlanmış döyüşdüyü bildirilib: “Ömərov daha çox iri gövdəsindəki üstünlüyünə və intuisiyasına bel bağlayırdı. Onda rəqibini hər iki əli ilə “zərbə yağışı”na tutmaq alınırdı. Məcidov isə daim boş yerlər axtararaq, zərbələr endirirdi. Bərabər keçən ilk hissə 4:4 hesabı ilə nəticələndi, ikinci raundda isə Ömərov daha yaxşı oldu – 7:6. Ancaq döyüşün son hissəsi həlledici oldu ki, onda Məhəmmədrəsulun funksional hazırlığının daha yaxşı olmağı öz rolunu oynadı. Azərbaycanlı döyüşü öz xeyrinə dəyişə bildi və aşkar yorulan Ömərova 7:3, ümumilikdə 17:14 hesabı ilə qalib gəldi”.

Qeyd edək ki, Məcidov yarımfinala çıxmaqla, Olimpiadanın ən azı bürünc medalını təmin edib

Xəbər 1224 dəfə oxundu.