Azərbaycan Prezidenti İlham Əliyev yunan-Roma güləşi yarışlarına baxıb

London XXX Yay Olimpiya Oyunlarında avqustun 5-də keçirilən yarışlar Azərbaycan idmançıları üçün uğurlu olub.

Avqustun 5-də Olimpiya Oyunlarında güləş yarışları başlayıb.

Azərbaycan idmançılarına dəstək vermək üçün dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə yunan-Roma güləşi yarışlarına baxıb.

Təmsilçilərimizdən ilkin olaraq mübarizəyə yunan-Roma güləşində 55 kiloqram çəki dərəcəsində Rövşən Bayramov 1/16 final mərhələsində rusiyalı Minqiyan Semyonovu, 1/8 finalda amerikalı Tomas Manqo Spenser, 1/4 finalda çinli Li Şujin, yarımfinalda Koreyalı Qyunjin Çoini məğlub edərək finala çıxıb. Həlledici görüşdə iranlı Məhəmməd Soryana cüzi fərqlə uduzaraq gümüş medalla kifayətlənib. Bununla da Rövşən Bayramov Pekin Olimpiadasında olduğu kimi, Londonda da yarışı gümüş mükafatla başa vurub.

Olimpiyaçılarımızdan bürünc medalı isə yunan-Roma güləşi yarışlarında başqa bir idmançımız - 74 kiloqram çəki dərəcəsində mübarizə aparan Emin Əhmədov qazanmışdır. İlk dəfə Yay Olimpiya Oyunlarında iştirak etmək imkanı qazanan Emin Əhmədov 74 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Emin 1/8 finalda xorvatiyalı Neven Zuqajı, 1/4 finalda gürcüstanlı Zurab Datunaşvilini məğlub edib. Lakin təəssüf ki, pəhləvanımız finala vəsiqə qazana bilməyib. Buna baxmayaraq, o, Olimpiya Oyunlarını mükafatla başa vurmuşdur. Emin Əhmədov bürünc medal uğrunda görüşdə belaruslu Aleksandr Kikinyova qalib gəlib.

Yunan-Roma güləşi üzrə 55 və 74 kiloqram çəki dərəcələrində yarışlar başa çatdıqdan sonra Prezident İlham Əliyev yunan-Roma güləşi üzrə Azərbaycan seçmə komandasının baş məşqçisi Saleh Bora ilə görüşüb.
Dövlətimizin başçısı Azərbaycan idmançılarının çıxışlarını yüksək qiymətləndirib, baş məşqçidən uğurlu çıxışlarına görə Rövşən Bayramova və Emin Əhmədova da təbriklərini çatdırmağı xahiş edib.

XXX London Yay Olimpiya Oyunlarının boks yarışında artıq Azərbaycan milli komandasının bir üzvünün medal qazanması rəsmiləşib. 91 kiloqram çəki dərəcəsində dünya çempionatının gümüş mükafatçısı Teymur Məmmədov 1/4 finalda belaruslu Sergey Korneyevi məğlub edərək, yarımfinala vəsiqə qazanıb. Bu isə ən azı bürünc medalın qazanılması deməkdir.

Xəbər 1656 dəfə oxundu.