Minqiyan Semyonov: "Mənə azərbaycanlı idmançını məğlub etmək çox çətin idi"
“Startdakı məğlubiyyətdən sonra çox üzüldüm. Mənə azərbaycanlı idmançını məğlub etmək çox çətin idi. Hər halda, o təcrübəli, Pekin Olimpiadasının gümüş medalçısı idi”. Bunu rusiyalı güləşçi Minqiyan Semyonov deyib.

London Olimpiadasında 55 kq-da çıxış edən Semyonov ilk döyüşündə həmyerlimiz Rövşən Bayramova uduzdu. O, bununla bağlı Rusiya mətbuatına verdiyi açıqlamada öz səhvindən uduzduğunu bildirib: “Hamı ilə güləşmək olar. Sadəcə, səhv edirsən ki, bu da məhz beynəlxalq təcrübənin yoxluğu ilə bağlıdır. Özümə haqq qazandırmaq istəmirəm. Bu, yalnız mənim səhvlərimdir. Mən tez fənd işlətmək istəyirdim, ancaq azərbaycanlı məni tutdu. İndi çatışmazlıq üzərində işləyib, bunu düzlətməyə çalışacağam. Bu, mənim ilk Olimpiadamdır. Əlbəttə, qızılla başlamaq istəyirdim. Ancaq bürünc medal da pis deyil. İndi işləməyə başlayacağam ki, 4 ildən sonra qızıl medal qazanım”.

Qeyd edək ki, Bayramov London Olimpiadasında yalnız finalda uduzaraq, ardıcıl 2-ci dəfə gümüş medal qazanıb.

Xəbər 1231 dəfə oxundu.