Nənəm ərə gedir - Yumor

Ailəmiz 4 nəfərdən ibarətdir: özüm, valideynlərim və nənəm. Mən nənəmi hələ iki yaşımdan xatırlıyıram. Elə o vaxtdan lap əldən düşmüş qoca idi. Özü də həmişə əsa ilə gəzirdi.

İllər keçdi. Mən böyüdüm. Atam və anam yaşa doldular. Hətta atamın başı daz oldu. Di gəl ki, nənəm heç dəyişmirdi. O güclə otağın bu başından o biri başına gəlir, tez-tez sol əli ilə ürəyini tutur və ağır-ağır nəfəs dodaqaltı deyinirdi: “İlahi, kaş əzrayıl canımı tez alaydı”. Günlərin bir günü nənəm gözlənilmədən dedi: “Bilirsiniz, balalar, mən qısa tumanla o baş bu başa qaçmaq istəyirəm”.

Biz əvvəlcə onun bu sözünə inanmadıq. Lakin nənəm onu stadiona aparmağımızı təkidlə tələb etdi. Naəlac qalıb əməl elədik. Görünür qısa tumanla stadionun bu başından o biri başına qaçmağı xoşlayırdı. Sabahısı günü o hətta özü üçün idman kostyumu da aldı. Bir həftədən sonra hamımıza bildirdi ki, onu ötürməyə ehtiyac hiss emir. Nənəm hər gün idmanla məşğul olur, hamımızın gözü qarşısında yaxşılığa doğru dəyişirdi. İki həftədən sonra o, sərbəst yeriməyə, hətta qaçmağa başladı. Daha ürəyindən şikayət eləmirdi. Hətta dodaqlarına pomada, üz-gözünə pudra-boya çəkməyə başladı. Bir aydan sonra nənəm cavan palıd ağacı kimi boylu buxunlu, qamətli oldu. İki həftədən sonra isə avtobusda kişilər qalxıb ona yer vermirdilər. Yarım ildən sonra o, “ƏMH” normasını yerinə yetirdi və özünə şalvarlıq kostyum sifariş verdi. Bir il keçməmiş nənəm elə cavanlaşdı ki, hətta ona görüş yeri təyin etməyə başladılar.

Nənəm kinofilmə çəkilməyə dəvət ediləndə atam anama dedi: “Bax, görərsiniz, biz onun toyunu da edəcəyik”. Atam lap düz deyirmiş. Nənəm günlərin bir günündə məşhur bir futbolçuya ərə getdi. İndi bizim evimizə qonaqlar gələndə onlar ilk növbədə məni göstərib nənəmdən soruşurlar: “Bu sizin atanızdırmı?”

Nə başınızı ağrıdım. İndi mən də qaçmağı, bir sözlə idmanla məşğul olmağı qət eləmişəm. Bunu hamıya məsləhət görürəm. Bəs necə, lap elə bu gündən. Sözləşdikmi? Lap yaxşı

Çevirəni:Ələsgər QURBANOV

Xəbər 921 dəfə oxundu.