Daha 2 medal şansı
Bu gün London Olimpiadasında Azərbaycan yığmasının daha 2 güləşçisi mübarizəyə qoşulacaq. İdman.com.az saytının məlumatına görə, yunan-Roma güləşi üzrə yarışlarının II günündə pəhləvanlarımızdan Həsən Əliyev və Saman Təhmasibi millimizin medal sayını artırmağa çalışacaq.

İlk gündə Rövşən Bayramovun (55 kq) gümüş, Emin Əhmədovun (66 kq) bürünc medal qazanmasını nəzərə alsaq, bu idmançılarımızdan da uğur gözləməyə dəyər.

60 kq
Püşkün nəticəsinə əsasən Həsən Əliyev ilk mərhələdən azaddır. O, 1/8 finalda mübarizəyə başlayacaq və norveçli Andre Berqe Stiqlə üz-üzə gələcək. Görüş saat 17:30-da başlayacaq.

84 kq
Bu çəkidə qüvvəsini sınayacaq Saman Təhmasibi də Əliyev kimi yarışa 1/8 finaldan qatılacaq. O, birinci görüşündə Vladimir Gegeşidze (Gürcüstan) ilə güləşəcək. Qarşılaşma saat 17:30-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan yunan-Roma güləşində 5 idmançı ilə təmsil olunur.

Xəbər 915 dəfə oxundu.