Bu gün London Olimpiadasına boksçumuz Məhəmmədrəsul Məcidov çıxacaq
Bu gün London Olimpiadasına Azərbaycan ən ağır çəkili boksçumuz Məhəmmədrəsul Məcidov (+91 kq) növbəti döyüşünə çıxacaq. İdman.com.az saytının məlumatına görə, dünya çempionumuz 1/4 finalda rusiyalı Məhəmməd Ömərovla üz-üzə gələcək.

Görüşün əvvəlcədən də gərgin keçəcəyini proqnozlaşdırmaq olar. Çünki Məcidov ilk qarşılaşmasında konqolu Meji Muanbanı, rəqibi amerikalı Dominik Breazealeni nokauta saldığından bu dəfə də eyni uğuru təkrarlamağa çalışacaqlar.

Londona yalnız çempionluq üçün yollanan boksçumuz rusiyalını mübarizədən kənarlaşdıracağı halda ən azı bürünc medalı özünə təmin edəcək. Məhəmmədrəsul bundan sonra isə növbəti mərhələlərdə medalın əyarını qızıla çevirmək üçün rinqə çıxacaq.

Döyüş yerli vaxta 22:30-da (Bakı vaxtı ilə 02:30) olacaq.

Qeyd edək ki, boksçularımızdan Teymur Məmmədov (91 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı özünə təmin edib.

Xəbər 1194 dəfə oxundu.