Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək | |
İyunun 6-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsi keçiriləcək. Qran-Pridə hər birində 2 pilot olmaqla on komanda mübarizə aparacaq. Belə ki, yarışda “Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, “Ferrari” komandasında Karlos Sayns, Çarls Lekler, “Williams”ın heyətində Corc Russell və Nikolas Latifi yarışırlar. “Red Bull Racing Honda” komandasında Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri”də Pyer Qasli və Yuki Tsunoda, “Alpine”da isə Fernando Alonso ilə Esteban Okon mübarizə aparacaqlar. Bundan başqa, “Alfa Romeo”nun heyətində Antonio Covinatsi və Kimi Raykonnen, “McLaren”də Daniel Rikkardo və Lando Norris yürüşdə iştirak edəcəklər. Mik Şumaxer və Nikita Mazepin “Haas”, Sebastian Fettel və Lans Stroll "Aston Martin" komandalarının idman şərəfini qoruyacaqlar. Pilotlar uzunluğu 6 kilometr, yürüş marşrutunun ümumi məsafəsi isə 306 kilometr olan Bakı şəhər halqasında iki saat ərzində 51 dövrə vuracaqlar. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Azərbaycan Qran-Prisi Formula 1 üzrə dünya çempionatının altıncı mərhələsidir. Başa çatan beş Qran-Pridən sonra pilotların mübarizəsinə 105 xalla “Red Bull Racing Honda” komandasının niderlandlı sürücüsü Maks Ferstappen başçılıq edir. Bəhreyn (26-28 mart), Portuqaliya (30 mart-2 may) və İspaniya (7-9 may) Qran-prilərinin qalibi olan M.Ferstappen aprelin 16-18-də keçirilmiş İtaliya və mayın 20-23-də təşkil olunan Monako mərhələlərində ikinci yeri tutub. Ondan cəmi 4 xal geri qalan “Mersedes” komandasının britaniyalı pilotu Luis Hamiltonun İtaliya Qran-Prisində birinci yeri tutub. “Mcaren” komandasının britaniyalı pilotu Lando Norris 56 xalla üçüncü, “Mersedes”in finlandiyalı sürücüsü Valtteri Bottas 47 xalla dördüncü, “Red Bull Racing Honda”nın meksikalı pilotu Serxio Peres isə 44 xalla beşincidir. Konstruktorların yarışında isə 149 xalla birinci yerdə qərarlaşan tutan “Red Bull Racing Honda” ən yaxın izləyicisi “Mersedes”i bir xal qabaqlayır. “McLaren” 80 xalla üçüncü, “Ferrari” isə 79 xalla dördüncüdür. Beşinci pillədəki “Aston Martin” komandasının cəmi 19 xalı var. Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə iyunun 4-də start verilib. Yarışın birinci günündə pilotlar Bakı trekində iki sərbəst yürüşdə mübarizə aparıblar. Ötən gün isə Formula 1 pilotları üçüncü sərbəst yürüş və sıralanma turunda mübarizə aparıblar. Sıralanma yürüşündən sonra Formula 1 Azərbaycan Qran-Prisində pilotların düzülüşü müəyyənləşib. Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib. Xatırladaq ki, Formula 1 yarışı Azərbaycanda 2016-cı ildən keçirilib. Birinci yarışda – Formula 1 Avropa Qran-Prisində “Mersedes” komandasının almaniyalı pilotu Niko Rosberq qalib gəlib. 2017-ci ildə təşkil olunan Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının avstraliyalı pilotu Daniel Rikkiardonun qələbəsi ilə başa çatıb. Ondan bir il sonra isə “Mersedes” komandasının britaniyalı sürücüsü Luis Hamilton Bakı şəhər halqasını fəth edib. 2019-cu ildə Formula 1 idmanı tarixində sayca 1001-ci Qran-Pri olan Bakı yarışında “Mercedes” komandasının pilotu Valtteri Bottas qalib adını qazanıb. Ötən il koronavirus pandemiyası ilə əlaqədar Formula 1 üzrə dünya çempionatının bir neçə mərhələsi, o cümlədən Azərbaycan Qran-Prisi ləğv edilib. |
|
Xəbər 440 dəfə oxundu. |
|
|