Formula 1 Azərbaycan Qran-Prisi uzun müddət xatırlanacaq
Bakıda Formula 1 üzrə dünya çempionatının altıncı – Azərbaycan Qran-Pri yarışlarına start verilib. Dünyada 500 milyondan artıq tamaşaçısı olan Formula 1 yarışlarına Bakı 2016-cı ildən ev sahibliyi edir.

Azərbaycan beynəlxalq maraq kəsb edən, bütün dünyada idmansevərlərin izlədiyi populyar idman yarışlarının keçirildiyi məkana çevrilib. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir idman kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz son illərdə mötəbər beynəlxalq idman yarışlarının mərkəzinə çevrilib.

Bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəhbəri işlədiyi vaxtlarda Azərbaycan nümayəndə heyəti ilə xarici ölkələrə səfərlərdə, eyni zamanda Bakıda keçirilən görüşlərdə beynəlxalq idman təşkilatlarının rəhbərlərinin nümunəvi təşkilatçılığa görə məmnun qaldıqlarını ifadə edən deputat deyib: “İllər əvvəl Bakı şəhərinin Olimpiya oyunlarına ev sahibliyi ilə bağlı müzakirələr aparılanda Avropa və Beynəlxalq Olimpiya komitələrinin rəhbərlikləri Azərbaycanın beynəlxalq Olimpiya Hərəkatında çox fəal iştirakını və bu hərəkata verdiyi töhfələri qeyd etmiş, ölkəmizdə idman sahəsində gedən quruculuq işlərinin çox geniş vüsət almasını, Bakıda böyük idman tədbirlərinin keçirilməsi üçün infrastrukturun yaradılmasını yüksək dəyərləndiriblər.

2012-ci ildə Avropa Olimpiya Komitəsi tərəfindən tarixdə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsi də Azərbaycanın Olimpiya Hərəkatına verdiyi töhfələrin, Bakıda Olimpiya oyunlarını təşkil etmək imkanına malik idman infrastrukturunun mövcud olması demək idi. Bu qərar Avropa Olimpiya Komitəsinin Romada keçirilən 41-ci Baş Assambleyasında qəbul edilib. Həmin tədbirdə MOK-un Beynəlxalq Münasibətlər İdarəsinin rəhbəri kimi mən də iştirak edirdim. Heydər Əliyev Fondunun prezidenti, vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi təşkilat komitəsi hazırlıq işlərini ən mükəmməl səviyyədə həyata keçirdi. Bütün Avropa və dünya Azərbaycanın timsalında beynəlxalq idman yarışına ideal ev sahibliyinin nümunəsini gördü. Bu mötəbər idman yarışını yüksək səviyyədə təşkil etməklə Azərbaycan Avropanın idman tarixinə öz imzasını qoydu”.

K.Nurullayeva vurğulayıb ki, mükəmməl və çoxnövlü idman infrastrukturu ilk Avropa Oyunlarında olduğu kimi IV İslam Həmrəyliyi Oyunlarında da Azərbaycana yüksək səviyyədə ev sahibliyi etmək imkanı verdi. Bütün müsəlman aləminin təmsil olunduğu bu beynəlxalq idman yarışına da Azərbaycanın ev sahibliyi etməsi ölkəmizə göstərilən böyük etimadın təcəssümü idi. Qeyd edib ki, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin katibi, İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin, eləcə də Koordinasiya Şurasının üzvü kimi və ən əsası bir azərbaycanlı kimi ölkəmizin gücü ilə qürur hissi keçirib. Yüksək səviyyədə görülən işlərin nəticəsi olaraq IV İslam Həmrəyliyi Oyunları da Azərbaycanın növbəti uğuru kimi tarixə həkk olundu.

Onun sözlərinə görə, “Bakı-2015” Avropa Oyunlarında qazanılan təcrübə və sərgilənən təşkilatçılıq işi IV İslam Həmrəyliyi Oyunlarında da mükəmməl şəkildə təmin olundu. Ən əsası, bir daha sübut olundu ki, iradə və qətiyyət olan yerdə hər şey mümkündür.

Deputat bildirib ki, Birinci Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda uğurla keçirilməsi gələcəkdə yay Olimpiya Oyunlarının ölkəmizdə təşkili üçün də zəmin yaradır: “Əminik ki, digər mötəbər yarışlarda olduğu kimi, növbəti Formula 1 Azərbaycan Qran-Pri yarışları izləyicilərə həyəcanlı və sevincli anlar bəxş edəcək və yaddaşlarda qalacaq. Çünki bu yarışların təşkilatçısı mötəbər idman turnirlərinin keçirildiyi əsas ünvanlardan olan və dünyada idman dövləti kimi tanınan Azərbaycandır.

AZƏRTAC

Xəbər 408 dəfə oxundu.