Cüdoçularımızın mübarizəsi başa çatdı
Bu gün London Olimpiadasında sonuncu Azərbaycan cüdoçusu tatamiyə çıxıb. Ən ağır çəki dərəcəsindəki təmsilçimiz Elmar Qasımov (100 kq) mübarizəyə 1/16 finaldan başlayıb.

Onun rəqibi qazaxıstanlı Maksim Rakov olub. Görüşə daha yaxşı başlayan Qasımov yuko fəndi tətbiq etməklə, qələbə qazanıb.

Amma bu qələbə Elmara asan başa gəlməyib. O, qazaxıstanlı rəqibi ilə görüşün sonunda ayağından zədə alıb.

İdmançımız növbəti mərhələdə Daniel Bratanı (Rumıniya) məğlub edən Levan Jorjoliani (Gürcüstan) ilə qarşılaşıb. Qasımov hansısa fənd tətbiq edə bilməsə belə, rəqibə verilən 2 cərimə xalı (yuko) hesabına 1/4 finala çıxıb.

Qasımov növbəti mərhələdə Artyom Bloşenkoya (Ukrayna) ipponla qalib gələn Hi-Tae Hvanqla (Cənubi Koreya) qarşılaşıb.

Rəqibinə 1 yuko, 2 şido xalı verən həmyerlimiz mərhələ adlaya bilməyib. Buna baxmayaraq, Elmar bürünc medal qazanmaq şansını itirməyib. O, təsəlliverici görüşlərə qatılıb.

Həmyerlimiz bu mərhələdə ilk döyüşünü özbəkistanlı Ramziddin Sayidova qarşı keçirib. Ancaq təəssüf ki, qarşılaşma Elmarın məğlubiyyəti ilə nəticələnib. O, ippona düşərək, mükafat qazanmaq şansını itirib. Yekunda idmançımız 7-ci yeri tutub.

Bununla, Londona yollanan 8 cüdoçumuzun hamısı mübarizəni medal qazanmadan başa vurub.

Xəbər 1302 dəfə oxundu.