Tokio Olimpiadasının ləğvinə çağıran petisiyaya 400 mindən çox insan səs verib | |
Yaponiyalı vəkil və siyasətçi Kenci Utsunomiyanın təşəbbüskarı olduğu Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının ləğvinə çağıran petisiyaya mayın 27-dək 400 mindən çox şəxs səs verib. Mayın 5-də change.org saytında yerləşdirilən petisiyada koronavirus pandemiyası şəraitində Olimpiya və Paralimpiya Oyunlarının təhlükəsiz təşkili qeyri-mümkün hesab edilir. Buna əsas kimi, dünyanın bir çox ölkələrində virusa yoluxmanın yayılması və peyvəndləmənin miqyasının kifayət qədər olmadığı göstərilir. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa, Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsonsa, Yaponiyanın Baş naziri Yoşihide Suqaya, Tokio Olimpiadasının təşkilat komitəsinin sədri Seyko Haşimotoya və Tokionun qubernatoru Koike Yurikoya ünvanlanan petisiyada yarışların təxirə salınması və ya ləğv edilməsi tələb olunur. Qeyd edək ki, K.Utsunomiya üç dəfə Tokionun qubernatoru vəzifəsinə seçkilərə qatılıb, 2010-2011-ci illərdə Vəkillər Federasiyasının kollegiyasına sədrlik edib. Bu ərəfədə Yaponiyanın nüfuzlu “Asahi Shimbun” qəzeti də mayın 26-da dərc etdiyi redaktor məqaləsində Baş nazir Yoşihide Suqaya müraciət edərək onu yarışları ya ləğv etməyə ya da təxirə salmağa çağırıb. Bununla yanaşı, son günlər keçirilən ictimai rəy sorğularının iştirakçılarının əksəriyyəti Oyunların bir daha təxirə salınmasını dəstəkləyib. Bununla yanaşı, Yaponiya Həkimlər Assosiasiyası da Olimpiadanın bu ilin yayında keçirilməsinin əleyhinə çıxış edib. Qeyd edək ki, koronavirus pandemiyasına görə bir il müddətinə təxirə salınan Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının cari il iyulun 23-dən sentyabrın 5-dək keçirilməsi nəzərdə tutulur. |
|
Xəbər 492 dəfə oxundu. |
|
|