Bu gün London Olimpiadasında Azərbaycan boksçuları ilk döyüşlərini yekunlaşdıracaqlar
Bu gün London Olimpiadasında Azərbaycan boksçuları ilk döyüşlərini yekunlaşdıracaqlar. İdman.com.az saytının məlumatına görə, Nəriman Abdullayevin daha 3 yetirməsi növbəti mərhələyə yüksəlmək üçün rinqə çıxacaq.

+91 kq
Yığmamızın üzvlərindən ilk olaraq mübarizəyə ən ağır çəkili idmançımız Məhəmmədrəsul Məcidov başlayacaq. Dünya çempionumuz konqolu Meji Muanbanı rinqə dəvət edəcək. 1/8 final mərhələsində baş tutacaq döyüş Bakı vaxtı ilə saat 19:15-də start götürəcək.

56 kq
Məcidovdan sonra diqqətlər Məhəmməd Abdulhəmidovun döyüşünə yönələcək. Püşkün nəticəsinə əsasən ilk mərhələdən azad olan və yarışa 1/8 finaldan başlayacaq təmsilçimiz Satoşi Şimizu (Yaponiya) ilə üz-üzə gələcək. Görüşün qonqu 01:15-də vurulacaq.

91 kq
Abdulhəmidovdan 15 dəqiqə sonra rinqə Teymur Məmmədov dəvət olunacaq. Mundialın gümüş mükafatçısı 1/8 final mərhələsində Tapu Opetaya Cayla (Avstraliya) münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Olimpiadaya 7 kişi boksçu ilə yollanan yığmamızın heyətində hələlik Soltan Migitinov (75 kq) mərhələ adlayıb. Heybətulla Hacəliyev (64 kq), Elvin Məmişzadə (52 kq) və Vətən Hüseynli (81 kq) isə yarışla vidalaşıblar.

Xəbər 1330 dəfə oxundu.