Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Qafqaz dağlarının “Kazbek” zirvəsini fəth etmiş əlil idmançıları qəbul etmişdir
BMT-nin yaradılmasının 50 illiyi ərəfəsində bu idmançılar əlil arabalarında misli görünməmiş rəşadət göstərmişlər.
"Macəra" klubunun təşəbbüsü ilə həyata keçirilmiş ekspedisiyanın rəhbəri Dmitri Şparo Azərbaycan Prezidentinə məlumat verərək bildirdi ki, əlil arabalarında 5 min metrlik zirvəyə qalxmaq dünyada görünməmiş bir hadisədir. O qeyd etdi ki, əlil idmançılar bununla bir daha özlərini, öz hüquqlarını təsdiq etmiş, beynəlmiləlçilik ideyasını uca tutmuşlar. Ekspedisiyanın tərkibində olan azərbaycanlı İman Hüseynova BMT bayrağını "Kazbek" zirvəsinə taxmaq nəsib olmuşdur. D.Şparo əlavə etdi ki, indiki komandanın üzvləri ötən il 15 keçmiş sovet respublikasının ərazisindən keçərək 9 min kilometr məsafə qət etmiş əlil idmançılar arasından seçilmişlər.
Ekspedisiya rəhbəri, eləcə də görüşdə iştirak edən əlil idmançılar Azərbaycan dövlətinin başçısına müraciət edərək əlillərə qayğını, onların sosial müdafiəsinə diqqəti artırmağı xahiş etdilər. Belə bir arzu ifadə olundu ki, əlillərin dövlət vəsaitinə möhtac olmaması üçün onlar üçün iş şəraiti yaradılmalıdır.
Əlil idmançılarla görüşdən məmnunluğunu bildirən Azərbaycan Prezidenti qeyd etdi ki, Kazbek kimi zirvəni fəth etmək əsl qəhrəmanlıqdır, bu hətta sağlam adamlar üçün də son dərəcə çətin bir işdir.
"Macəra" klubunun təşəbbüsünü təqdir edən prezident Heydər Əliyev dedi ki, bu nailiyyəti qazanmaqla əlil idmançılar eyni zamanda xeyirxah bir işlə də məşğul olmuş, öz qabiliyyətlərini nümayiş etdirmişlər. Bu marafon əslində xalqlar dostluğu marafonudur. Dövlət başçısı əlil idmançılara üz tutaraq dedi: Siz gələcəkdə ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə indidən öz töhfənizi verirsiniz. Təəssüf ki, son illər Qafqazda faciəli hadisələr baş verir. Bununla belə, faciəli proseslərə cəlb olunmuş Azərbaycan tərəfi bölgədə sülhü bərpa etmək, qan axıdılmasına son qoymaq üçün əlindən gələni əsirgəmir. Siz idmançılar öz hərəkətlərinizlə sübut edirsiniz ki, bölgədə sülh yaratmaq mümkündür. Respublika prezidenti ümidvar olduğunu bildirdi ki, bölgədə sülh yolunda bütün çətinliklər aradan qaldırılacaq və əmin-amanlıq bərpa olunacaq.
Ölkəmizdə əlillərin sosial müdafiəsi və onlara qayğıya gəlincə, dövlət başcısı bildirdi ki, bu məsələlər müvafiq hökumət orqanlarının diqqət mərkəzindədir. Bu məqsədlə xüsusi fond da yaradılıb.
Görüşün sonunda dövlətimizin başçısı əlil idmançılara xatirə hədiyyələri təqdim etdi.

17 oktyabr 1995-ci il

Xəbər 3179 dəfə oxundu.