ABŞ üzgüçüsü XXX Yay Olimpiya Oyunlarına da öz damğasını vurub
ABŞ üzgüçüsü Maykl Felps Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarına da öz damğasını vurub. İdman.com.az saytının məlumatına görə, əvvəlki 2 Olimpiadanın şəksiz ulduzu olan idmançı Böyük Britaniya paytaxtında o qədər də möhtəşəm çıxış etməsə də yeni rekorda imza atıb.

Felps Olimpiadalar tarixinin ən çox mükafat qazanan idmançısı adını qazanıb. 200 m məsafəyə batterflyay üsulu ilə üzməkdə çempionluğu son metrlərdə əldə verən, gümüş medalla kifayətlənən Maykl karyerasında 18-ci dəfə Olimpiya mükafatçısı olub.

Bununla da o, məşhur SSRİ gimnastı Larisa Latıninanın rekordunu təkrarlayıb. Sonuncu 1956, 1960 və 1964-cü illərdə 9 qızıl, 5 gümüş və 4 bürünc qazanmışdı.

Lakin az sonra 4x200 m məsafəyə sərbəst üsulla estafet yarışında ABŞ yığması ilə çempion olan Felps Latıninanı da arxada qoyub. Bu, onun 15-cı çempionluğu olub ki, Felps özünə aid olan dünya rekordunu da yeniləyib.

Qeyd edək ki, Afina-2004-də 6 qızıl və 2 gümüş medal qazanan Maykl Pekin-2008-də 8 qızıl əldə etmişdi. Londonda artıq 3 məsafədə çıxış edən Felpsin daha 3 şansı qalıb.

Xəbər 2369 dəfə oxundu.