Beynəlxalq Olimpiya Komitəsi: Tokio Olimpiadası fövqəladə vəziyyət rejimində keçirilə bilər
Tokio Yay Olimpiya və Paralimpiya Oyunları bu ilin yayında Yaponiya paytaxtında koronavirus pandemiyası ilə əlaqədar fövqəladə vəziyyətin davam etdiyi şəraitdə də keçirilə bilər.

Bunu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) vitse-prezidenti, əlaqələndirmə komissiyasının sədri Con Kouts üç gün davam edən onlayn görüşdən sonra təşkil edilən mətbuat konfransında deyib.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınmaqla Tokio Olimpiadasının fövqəladə vəziyyətin davam etdiyi şəraitdə keçirilməsinin mümkünlüyü barədə sualı cavablandıran BOK rəsmisi bildirib ki, bu ərəfədə təşkil edilən test tədbirləri bunun tamamilə mümkün olduğunu təsdiqləyib.

Üç günlük müzakirələrin yekunu olaraq Oyunların təşkilat komitəsinin sədri Haşimoto Seyko bildirib ki, yarışlar zamanı gün ərzində 230 həkimə və 310 tibb bacısına ehtiyac var. Artıq bu heyətin 80 faizi təmin edilib.

Yapon cəmiyyətinin Oyunlara qarşı qismən skeptik münasibət bəsləyən hissəsini sakitləşdirmək üçün təşkilatçılar üç əsas prinsipə ciddi şəkildə əməl olunacağını bildiriblər: xaricdən gələnlərin sayının kəskin azaldılması, iştirakçıların qaydalara ciddi şəkildə əməl etməsi və hərtərəfli yoxlamaların təmin olunması üçün yüksək səviyyəli səhiyyə sistemi. Bu sistemə müvafiq olaraq, gün ərzində idmançıların və digər iştirakçıların 50-60 min arası testinin keçirilməsi nəzərdə tutulur.

Yapon təşkilatçıların və BOK-un əlaqələndirmə komissiyasının Olimpiada ərəfəsində sonuncu - 11-ci iclasına yekun vuran Con Kouts bildirib ki, təqribən səkkiz il davam edən gərgin işdən sonra finiş artıq əl çatan qədər yaxınlıqdadır.

“Biz yapon həmkarlarımızla əl-ələ verərək, Oyunların hamı üçün təhlükəsiz və etibarlı olmasını təmin edəcəyik”, - deyə BOK-un komissiyasının sədri bildirib.

Buna baxmayaraq, Olimpiya Oyunlarının başlamasına iki ay qalmış təşkilatçılar cəmiyyətin qlobal idman tədbirinin təşkilinin ölkənin səhiyyə sisteminə böyük zərbə vura biləcəyi barədə artan narahatlığı ilə qarşılaşıblar.

Aprelin sonlarından başlayaraq, Tokioda və ölkənin daha bir neçə prefekturasında üçüncü fövqəladə vəziyyət rejimi tətbiq edilib. Onun mayın 31-də başa çatdırılması planlaşdırılsa da, vəziyyət yaxşılaşmadığına görə mütəxəssislər bu tədbirlərin davam etdirilməsinin zəruriliyini bildirirlər.

Bununla yanaşı, Yaponiyada peyvəndləmə tədbirləri də arzu olunan sürətlə aparılmır və Olimpiadaya qədər ölkə əhalisinin böyük əksəriyyətinin peyvənd alacağı gözlənilmir.

C.Kouts bildirib ki, peyvəndləmənin lazımi templə aparılmaması ictimaiyyəti əsas narahat edən məsələ olsa da, o, hökumətin bunu sürətləndirmək üçün lazımi tədbirlər görəcəyinə inanır.

“Bu, baş verməyəcəyi təqdirdə, o zaman bizim mövqeyimiz lazımi işlərin davam etdirilməsini nəzərdə tutur və vəzifəmiz Oyunların həm iştirakçılar, həm də onlarla təmasda olacaq bütün Yaponiya sakinləri üçün təhlükəsizliyini təmin etməkdir”, - deyə o, vurğulayıb.

Bununla yanaşı, bəzi milli yığmaların təhlükəsizlik məqsədilə Olimpiya Oyunları ərəfəsində Yaponiyada məşqlərdən imtina etdiyi barədə məlumatlar da yayılmaqdadır.

Həmçinin mayın 21-nə olan son məlumata görə, Yaponiyanın 59 bələdiyyəsinin məşqlər üçün idmançıları qəbuldan və mədəniyyət mübadiləsi məqsədilə görüşlərdən imtina etdiyi də bildirilir.

Əlavə olaraq qeyd edək ki, Yaponiyada ümumilikdə 528 bələdiyyə “Host town” proqramı çərçivəsində 184 ölkədən gələcək idmançıları qəbul etmək üçün qeydiyyatdan keçib.




Xəbər 372 dəfə oxundu.