Cəlilabad Olimpiya İdman Kompleksi istifadəyə verilib

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabad Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.
Dövlətimizin başçısı Cəlilabad Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdikdən sonra burada yaradılmış şəraitlə tanış oldu.
Binanın foyesində xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin Cəlilabad rayonuna səfərlərini, eləcə də ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr nümayiş olunur.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev komplekslə bağlı Azərbaycan Prezidentinə məlumat verdi.
Bildirildi ki, ən müasir standartlara cavab verən bu idman qurğusu Gənclər və İdman Nazirliyinin sifarişi əsasında tikilib. İnşasına 2007-ci ildə başlanılan Cəlilabad Olimpiya İdman Kompleksinin ərazisi beş hektardır. Kompleksin qapalı idman salonunun sahəsi 1168 kvadratmetrdir. Burada 712 nəfər mini-futbol, basketbol, voleybol, güləş, cüdo, taekvondo və idmanın digər növləri üzrə yarışlara baxa biləcək. Qapalı idman salonunda müxtəlif yarışların yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb. Salonun döşəməsi xüsusi texnologiya əsasında quraşdırılıb ki, bu da yarışların yüksək səviyyədə keçirilməsinə imkan yaradır. İkinci mərtəbə də genişliyi və müasirliyi ilə diqqəti cəlb edir. Burada müxtəlif iş otaqları və idman salonları yerləşir.
Diqqətə çatdırıldı ki, Azərbaycan Atıcılıq Federasiyasının quraşdırdığı pnevmatik tirdə Almaniya istehsalı olan avadanlıqdan istifadə olunub. Burada “Hörinq” şirkətinin texnologiyası əsasında atıcılıq növü üzrə idmançıların hazırlığı aparılır. İdman qurğusunda geniş trenajor salonu, tir otağı fəaliyyət göstərir. İdmanın on yeddi növü üzrə müxtəlif avadanlığın quraşdırıldığı kompleksdə arzu edənlər bilyard və stolüstü tennislə də məşğul ola bilərlər. Şahmat otağında 10 nəfərə bu qədim oyunun sirləri öyrədiləcək. Divarda quraşdırılan lövhə vasitəsilə gənclərə şahmatın incəlikləri tədris olunacaq.
Bildirildi ki, beşzolaqlı üzgüçülük hovuzu da ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25, eni 12,5 metrdir. Burada ən müasir nəmalma, havalandırma və istilik sistemi quraşdırılıb. Beş yüz kubmetrlik su tutumu olan hovuzun dərinliyi 1,2 metrdən 1,8 metrə qədərdir. İstər üzgüçülər, istərsə də idmanın digər növləri ilə məşğul olanlar üçün ən müasir standartlara cavab verən soyunub-geyinmə otaqları, duş və sauna yaradılıb. Kompleksdə cüdoçular üçün xüsusi salon fəaliyyət göstərəcək. Taekvondoçuların məşqləri üçün də hərtərəfli şərait vardır. Dövlətimizin başçısına bildirildi ki, bu Olimpiya İdman Kompleksində də mükəmməl infrastruktur yaradılıb.
Azərbaycan Prezidenti kompleksin ərazisində inşa edilmiş üçmərtəbəli mehmanxana ilə də tanış oldu. Birinci mərtəbədə konfrans zalı fəaliyyət göstərir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait mövcuddur. Mühafizə otağı ən müasir avadanlıqla təchiz edilib. Əlli nəfərlik yeməkxana da müasirliyi ilə seçilir. Mehmanxananın ikinci və üçüncü mərtəbələrində bir lüks və 11 yarımlüks otaq vardır. Mehmanxananın eyvanından ətrafın göz oxşayan mənzərəsini seyr etmək mümkündür.
Prezident İlham Əliyevə bildirildi ki, ərazidə süni örtüklü futbol meydançası yaradılıb. Futbol meydançasının tribunalarında 963 tamaşaçı yeri vardır. Meydançanın kənarında iki qaçış zolağı yaradılmışdır. Futbol meydançasından başqa, ərazidə tennis kortu, basketbol və voleybol meydançaları da vardır. Ərazidə 500 ağac və koldan ibarət yaşıllıq zolağı salınıb. Burada 100 metr dərinliyində artezian quyusu qazılıb, su anbarları və qazanxana quraşdırılıb. Qrunt sularından mühafizə məqsədilə drenaj sistemi yaradılıb.
Prezident İlham Əliyev Cəlilabad Olimpiya İdman Kompleksi ilə yaxından tanış olduqdan sonra burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Azərbaycanın basketbol üzrə milli komandasının üzvü Zaur Paşayev rayonun inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə cəlilabadlılar adından dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Sonda xatirə şəkli çəkdirildi.

AzərTAc

Xəbər 4039 dəfə oxundu.