Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samarançı qəbul etmişdir
Qonağı səmimi qarşılayan prezident Heydər Əliyev bildirdi ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da Olimpiya Hərəkatı populyardır və qonağın Azərbaycana gəlişini yüksək qiymətləndirdi.
Xuan Antonio Samaranç səmimi qəbula görə Azərbaycan Prezidentinə öz minnətdarlığını bildirdi və qeyd etdi ki, Beynəlxalq Olimpiya Komitəsi dünyada öz nüfuzu ilə tanınan təşkilatlardan biridir. Onun 196 üzvü var. Azərbaycan da Beynəlxalq Olimpiya Komitəsinin üzvüdür. X.A.Samaranç daha sonra bildirdi ki, idmanın siyasətlə həm əlaqəsi var, həm də o qədər sıx əlaqəsi yoxdur. Çünki bu təşkilatın üzvü olan dövlətlərin müxtəlif siyasətləri olmuşdur. Məsələn, Çin Xalq Respublikası ilə yanaşı Tayvan da BOK-un üzvüdür.
“Əgər hər hansı ölkə öz gələcəyini, yüksək inkişafını istəyirsə, öz gənclərinin fiziki tərbiyəsinə xüsusi diqqət yetirməlidir”, - deyən X.A.Samaranç respublikamızda olan bir sıra idman obyektlərində indiki vəziyyətdən söhbət açdı və əlavə etdi:
“Mən səfər zamanı idman universitetində oldum, tələbə və müəllim kollektivi ilə görüşdüm. Onların yüksək hazırlığının, idmana böyük marağının şahidi oldum. İdman kompleksləri də pis deyil. Ancaq məni təəssüfləndirən o oldu ki, idman sarayının tikintisi başa çatdırılmayıb. İstərdim ki, bizim də köməyimiz sayəsində bu böyük tikinti obyektini tezliklə başa çatdırıb gənclərin sərəncamına verəsiniz”.
Prezident Heydər Əliyev qeyd etdi ki, Azərbaycanda idman universitetinin mövcudluğu ölkədə idmana böyük maraq olduğuna sübutdur. Prezident daha sonra qonağın nəzərinə çatdırdı ki, tikintisi yarımçıq qalmış idman sarayının özülü onun Azərbaycana rəhbərlik etdiyi dövrdə qoyulmuşdur. H.Əliyev qonağı əmin etdi ki, binanın tamamlanma işləri də, daha doğrusu, onun son daşı da özünün rəhbərliyi ilə qoyulacaq və tikinti tezliklə başa çatdırılacaq.
Görüşün sonunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev X.A.Samarançın portreti əks olunmuş xalçanı ona bağışladı. X.A.Samaranç da öz növbəsində BOK-un binası qarşısındakı heykəlin reproduksiyasını Azərbaycan Respublikasının Prezidentinə hədiyyə etdi.
Prezident, həmçinin, Ermənistanın son hücumları ilə əlaqədar, qonağa ətraflı məlumat verdi.

19 aprel 1994-cü il

Xəbər 3420 dəfə oxundu.