Aleksandrov və Mustafayeva yarımfinala vəsiqə qazandılar

Bu gün Olimpiadada Azərbaycanın akademik avarçəkənləri növbəti sınaqlarına çıxıblar. Təsnifat mərhələsini uğurla başa vuran Aleksandr Aleksandrov və Natalya Mustafayeva 1/4 final mərhələsində qüvvələrini sınayıblar. Onlar hər 2-si qrupda 3-cü yeri tutaraq, yarımfinala yüksəliblər.

Belə ki, kişilər arasında 1 nəfərlik qayıqla (M1X) çıxış edən Aleksandrov ikinci yürüş zolağında mübarizə aparıb. Onun rəqibləri seçmə yürüşdə qabaqladığı braziliyalı Anderson Noçetti, eləcə də almaniyalı dünya çempionu və son 3 olimpiadanın iştirakçısı Marsel Haker, böyük britaniyalı, son 2 olimpiadanın iştirakçısı Alan Kempbell, meksikalı Patrik Loliger Salas və cənubi koreyalı Donqyonq Kim olub.

Yürüşün əvvəllərindən Kempbell üstünlüyə yiyələnib. Yerli azarkeşlərin dəstəyilə irəli çıxan böyük britaniyalı avarçəkən 500 metrlik bölümdə 1 dəqiqə 39,88 saniyə nəticə ilə birinci olub. Ondan 0,87 saniyə geri qalan Haker ikinci, 1 dəqiqə 41,83 saniyə göstəriciyə malik Aleksandrov üçüncü olub. Bu ardıcıllıq sonadək davam edib. 1000 metrlik bölümdə Aleksandrov Hakerlə saniyə fərqini 0,18-ə, 1500 metrlik bölümdə isə 0,91-ə endirib. Lakin o, nə böyük britaniyalı, nə də almaniyalı rəqibini üstələyə bilib.

Nəticədə Kempbell 6 dəqiqə 52,10 saniyə nəticə ilə birinci, Hakker 6 dəqiqə 54,18 saniyə göstərici ilə ikinci, Aleksandrov isə 6 dəqiqə 56,36 saniyə ilə üçüncü yeri tutub. Hər 3 avarçəkən yarımfinala yüksəlib. Meksikalı Loliger Salas (7:00,20) 4-cü, cənubi koreyalı Donqyonq Kim (7:16.22) 5-ci, braziliyalı Noçetti (7:17.37) isə 6-cı yeri tutub.

Yarımfinal yürüşləri avqustun 1-də keçiriləcək.

Qadınlar arasında 1 nəfərlik qayıqla (M1X) çıxış edən Mustafayeva isə üçüncü yürüş zolağında mübarizə aparıb. Onun rəqibləri özündən solda cənubi koreyalı Yeji Kim və yaponiyalı Haruna Sakakibara, sağda isə 2 qat olimpiya və 5 qat dünya çempionu Yekaterina Karsten, danimarkalı Fie Udbi Eriksen və braziliyalı Kissya da Kosta olub.

Yürüşün əvvəllərindən Eriksen və Karsten arasında birincilik uğrunda ciddi rəqabət başlayıb. Mustafayeva isə üçüncülüyü əldən verməmək üçün mübarizə aparıb. 500 metrlik bölümdə danimarkalı avarçəkən 1 dəqiqə 51,30 saniyə, belaruslu 1 dəqiqə 52,11 saniyə, təmsilçimiz isə 1 dəqiqə 53,73 saniyə nəticə göstərib. Yürüşün yarısını arxada qoyduqları vaxt avarçəkənlərdən Eriksen 3 dəqiqə 46,55 saniyə göstərici ilə lider olduğu halda, Karsten ondan 0,72 saniyə, Mustafayeva isə 6,03 saniyə geridə olub. 1500 metrlik bölümü skandinaviyalı 5 dəqiqə 43,62 saniyəyə keçib. 40 yaşlı belaruslu ondan 0,54 saniyə, avarçəkənimiz 12,25 saniyə geridə olub. Yekunda isə Eriksen 7 dəqiqə 38,93 saniyə nəticə ilə yürüşü qalib kimi başa vurub. Karsten 7 dəqiqə 42 saniyə nəticə ilə ikinci yeri tutub. Mustafayeva isə 8 dəqiqə 0,26 saniyə göstərici ilə üçüncü olub. Hər 3 avarçəkən yarımfinala çıxıb.

Sonrakı yerləri tutan cənubi koreyalı Kim (8:08.39), braziliyalı Da Kosta (8:12.26) və yaponiyalı Sakakibara (8:12.85) mükafatlar uğrunda mübarizədən kənarda qalıblar.

N.Mustafayeva yarımfinal yürüşinə avqustun 2-də çıxacaq.

Xəbər 1223 dəfə oxundu.