“Neftçi” sabah növbəti sınağına çıxacaq
Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Neftçi” sabah növbəti sınağına çıxacaq. İdman.com.az saytının məlumatına görə, avrokuboklarda tək qalan “ağ-qaralar” III təsnifat mərhələsi çərçivəsində İsraildə “Hapoel”in qonağı olacaq.

Ötən mərhələdə “Zestafoni”ni (Gürcüstan) uduzmadan keçən çempion bu dəfə daha çətin sınaq qarşısındadır. Düzdür, “Hapoel” tarixində ilk dəfə ölkə çempionu, avrokubok təcrübəsi az olsa da, İsrail təmsilçisi olduğunu unutmamalıyıq. Bu ölkənin futbolu isə son vaxtlar həm klub, həm də yığma səviyyəsində xeyli yüksəlişdədir.

İsraillilər bu mərhələyə çıxmaq vəzifəsini məhz evdəki qələbə ilə yerinə yetirdi. Bu, Slovakiyanın “Jilina” klubu ilə oyunda reallaşdı ki, səfərdə 0:1 hesabı ilə uduzan rəqibimiz evdə bunun əvəzini artıqlaması ilə çıxa bildi – 2:0. “Hapoel” 2-ci hissənin ortalarında qısa zamanda vurduğu 2 qolla cütün taleyini xeyrinə həll etdi.

Bu mənada “Neftçi”nin mərhələ adlamağı səfərdəki çıxışından çox şey asılı olacaq. Bakılılar İsraildən münasib nəticə ilə qayıdarsa, son təsnifat mərhələsinə çıxmaq şansını artıracaq. Buna olacağı halda isə “Neftçi” ən azı birbaşa Avroliqanın qrup mərhələsinə vəsiqəni təmin edəcək.

“Ağ-qaralar” hazırkı turnirdə ilk təmsilçimiz, ən çox mərhələ adlayan komandamız olduğu halda, rəqibi debüt mövsümünü keçirir. Belə ki, “Hapoel” 2008-ci ildə çempionatı bürünc medalçı kimi bitirdiyi zamanı UEFA kubokuna vəsiqə qazanmışdı. Onda Çernoqoriyanın “Budva” klubunu evdə 1:1, səfərdə 3:0 hesablı qələbə ilə keçən Kiryat-Şmona təmsilçisi növbəti mərhələdə Bolqarıstan “Liteks”inə yenilmişdi – evdə 0:0, səfərdə 1:2.

“Hapoel”in öz stadionu beynəlxalq tələblərə cavab vermədiyi üçün komanda avrokuboklarda rəqiblərini başqa şəhərdə - Hayfada qəbul etməli olur.

Çempionlar Liqası, III təsnifat mərhələsi
İlk oyun

1 avqust

21:30. “Hapoel” (Kiryat-Şmona, İsrail) – “Neftçi” (Azərbaycan)
Baş hakim: Alan Kelli (İrlandiya)
Hayfa. “Kiryat Eliezer” stadionu

Xəbər 1102 dəfə oxundu.